"Bu məsuliyyəti dərk etdikdə, uğursuz olmaq mümkünsüzdür" FOTO


Digərləri 10 Sen 2018 07:14:00 261 0

"Bu məsuliyyəti dərk etdikdə, uğursuz olmaq mümkünsüzdür"  FOTO

Yaşar Musayev: "Azərbaycan Qafqazda Almaniyanın iqtisadi cəhətdən ən güclü partnyorudur" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Vətən, torpaq sevgisi insana sonradan aşılanan  bir məfhum deyil. Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan da  deyil. Bəzən vətənin sərhəddən başladığını deyirlər. Ancaq müsahibim, Almaniyada doktor-mühəndis elmi dərəcəsi almış Yaşar Musayevlə söhbət etdikdən sonra anladım ki, harada yaşamasından asılı olmayaraq, insanlar ayaq basdığı torpaqlarda özlərinə kiçik də olsa bir vətən düzəldə bilərlər. Hazırda "Schaeffler qrupu" şirkətinin "Səthlərin emal texnologiyası" üzrə vitse-prezidenti, "Schaeffler Baltic" şirkətinin baş meneceri olan Yaşar Musayev o məmləkətdə qəlbində kiçik bir Azərbaycan daşıyır. Doğma torpaqdan danışanda gözlərindəki vətən həsrətini sezməmək mümkün deyil.

"Kaspi"nin qonağı olan Y.Musayevlə söhbətimizdə onu qürbətə aparan səbəblərdən tutmuş qazandığı uğurlara və ən əsası, vətənimizə olan sevgisinə qədər danışdıq. Müsahibimizin timsalında, vətən məhəbbəti, sevgisi ilə döyünən ürək sahibinin zəkasının da elmlə işıqlanmasının təzahürünü görmüş olduq. Belə ki, Azərbaycanlı tədqiqatçı Almaniyada "Səthlərin emalı texnologiyası" elmi mərkəzində öncə kiçik həcmdə işə başlayıb. Yaşar Musayevin rəhbərliyi altında maşın hissələrinə örtükçəkmə texnologiyası sahəsində bir çox yeniliklər tətbiq olunub. Yeyilməyə davamlı üstqatlar avtomobil mühərriklərində və digər intiqallarda tətbiq olunan hissələrin triboloji xassələrini yaxşılaşdıraraq, həm mühərriklərin uzunömürlülüyünü artırmağa, həm də yanacağa qənaət etməyə imkan yaradıb. Bu texnologiyalar dəfələrlə Almaniyanın mötəbər təşkilatları tərəfindən mükafatlara layiq görülüb. Yaşar Musayev örtükçəkmədə məşğul olduğu nanotexnologiyalar üzrə 120-dən çox elmi məqalə çap etdirib. Avropa və dünyanın bir çox ölkələrində qeydiyyatdan keçmiş 30-dan çox patentə malikdir. Müsahibimiz Almaniyada "Azərbaycanlı Tələbələr və Elmi İşçilər" birliyinin üzvüdür. Eyni zamanda "Baku-Nürnberq" Mədəniyyət və Təhsil Mərkəzinin rəhbəridir.

- Yaşar müəllim, sizi vətəndə xoş gördük.

- Diqqətiniz üçün təşəkkür edirəm. Xüsusilə də "Kaspi" qəzetinin yaradıcı heyətinə, rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycan mənim doğma ocağım, torpağım vətənim, yurdum, məmləkətim, varlığımdır. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, bizim də ürəyimiz vətən üçün döyünür.    - Almaniyada xeyli uğur əldə edibsiniz. Maraqlıdır, necə oldu ki, Almaniyaya ezam olundunuz və orda işləmək qərarına gəldiniz?

- Azərbaycan Texniki Universitetində Maşınqayırma texnologiyası və maşınların təmir texnologiyası kafedrasının baş müəllimi idim. 1997-ci ildə Alman Akademik Mübadilə Xidmətinin layiq gördüyü bir illik təqaüd əsasında Erlangen-Nürnberq Universitetinə ezam olundum. Doktorantura təhsilimi isə Almaniyada keçirilən müsabiqə nəticəsində qazandım. Alman akademik elmi xəttinin təklifi ilə müsabiqənin qalibi olaraq Bavariyada Nürnberq Universitetinin doktoranturasına ezam olundum.   - Başqa bir məmləkətdə elmi fəaliyyət, yeni kəşflər, səmərəli təkliflər... Çətin idi?

- Yeni yol həmişə çətin olur. Öz məqsədlərinə nail olmaq hər bir insanın həyatında vacib amillərdən biridir. Qarşıda həm dil, həm də milli mentalitet baxımından həyata yenidən başlamaq kimi çətin bir missiya dururdu. Əgər insan öz məqsədinə çatmaq üçün qarşısına plan qoyursa, nizam-intizamla işləyirsə və bu işinə bir az da məsuliyyət qatırsa, o, öz istəyinə daha tez yaxınlaşır. Təhsilimi davam etdirmək üçün ilk növbədə alman dilini elmi səviyyədə mənimsəmək lazım idi. Orada mentalitet, milli dəyərlər, insanların həyata baxışı tamamilə fərqli idi. Bu fərqliliyi görmək, dəyərləndirmək, orada özünə yol tapmaq bir qədər məşəqqətli görünürdü.

- Rəhbərliyiniz altında maşın hissələrinə örtükçəkmə texnologiyası sahəsində bir çox yeniliklər tətbiq olunub. Bu sahənin vacibliyi nədən ibarətdir?

- Bu, çox vacib bir sahədir. İstər maşınqayırma texnologiyası, istərsə də nanotexnologiyalar sahəsində Almaniya ən qabaqcıl ölkələrdəndir. Almaniyada sənaye istehsalı, istehsalat prosesləri dünyada qabaqcıl yerlərdən birini tutur. Onlara "Mercedes", "Audi", "BMW", Siemens, Schaeffler kimi məşhur alman markalarını misal göstərə bilərəm. Əlbəttə, bu siyahını uzatmaq  da olar. Bunlar hamısı dünyada tanınmış şirkətlərdir. Təbii ki, söhbət sənaye iqtisadiyyatından gedir. Bu iqtisadiyyatda başqa bir ölkədən gələn insanın mühəndis-alim kimi yer tapması çətin prosesdir, ancaq mümkünsüz deyil. Bunun üçün ilk növbədə cəmiyyətə inteqrasiya etmək lazım idi. Cəmiyyətin vəziyyətini öyrəndikdən sonra orada hər hansı yenilikdən söhbət etmək olardı. Bu yeniliyi tətbiq etmək mənim elmi dissertasiyam olduğu üçün onun öhdəsindən gəldim. O da mənə şərait yaratdı ki, alman müəssisələrində uyğun mühəndis statusu ilə öz işlərimi davam etdirim.

- Böyük bir şirkətdə öncə sıravi işçi kimi fəaliyyətə başlayıb, daha sonra Elmi Tədqiqat Mərkəzinin rəhbəri oldunuz. Bu gün isə şirkətin beynəlxalq təmsilçisisiniz. Bu çətin yolu sizin üçün asanlaşdıran nə oldu?

- Hər böyük yolun kiçik başlanğıcı olur. Pilləli şəkildə o başlanğıc inkişaf edirsə, insanı müəyyən bir yerə gətirib çıxara bilir. Qarşımda duran layihə belə idi: nanotexnologiya Almaniya səviyyəsində mənim ideyalarım əsasında qurulsun və sənayeyə təqdim olunsun. Təbii ki, bir Azərbaycan vətəndaşı kimi bu da mənə böyük qürur hissi verirdi. Eyni zamanda, bu işin məsuliyyəti də çox idi. Başqa bir məmləkətdən gələn mütəxəssis kimi layihənin bütün məsuliyyəti üzərimdə idi. Bu məsuliyyəti dərk edərək layihənin smetasından tutmuş inkişafına, reallaşdırılmasına dair güclü intizamla yanaşı, zamanında doğru addımlar atmaq vacib amillərdən biri idi. Əgər insan bir şeyə zamanında vaxt tapmaq istəyirsə, mütləq buna nail olacaq.

- Yəqin ki, bu, sizin məsuliyyətinizin və daxilinizdə olan nizam-intizamın nəticəsidir ki, bu gün həmin şirkətin beynəlxalq təmsilçisiniz.

- Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mən Azərbaycanda da orta məktəbi qızıl medalla bitirmişəm. Azərbaycan Texniki Universitetini xüsusi təqaüdlə başa vurmuşam. Universiteti fərqlənmə diplomu (qırmızı diplom) ilə bitirmişdim. Almaniyada xarici dil, mentalitet, daha yüksək standartlar olsa da, həmin standartların formasını tapıb, ona uyğunlaşmaq heç də asan başa gəlmədi. Bu işi həyata keçirmək mənim ən ümdə vəzifəm idi. Xaricdə yaşayan elmi işçilər, həmvətənlərimiz, xalqımızı təmsil edənlər bilməlidirlər ki, onlar nəinki öz ailələrini, getdikləri ölkədə Azərbaycan xalqını təmsil edirlər. Bu məsuliyyəti dərk etdikdə, uğursuz olmaq mümkünsüzdür.   - Almaniyada təhsil alan azərbaycanlı davamçılarınız varmı? Ümumiyyətlə, orada təhsil alan həmyerlilərimiz barədə nə deyə bilərsiniz?

- 2008-ci ildə Nürnberq şəhərində azərbaycanlı alimlərin tövsiyəsi ilə orada təhsil alan tələbələrin və elmi işçilərin təşkilatını təsis etdik. Bu təşkilat çox böyük işlər görür. Orada yaşayan elmi işçilərin və tələbələrin koordinasiyasını həyata keçirir.


Xəbərə aid fotolar