Tətildən sonra dərsə adaptasiya olmağın üsulları məsləhət


Digərləri 10 Sen 2018 05:30:00 323 0

Tətildən sonra dərsə adaptasiya olmağın üsulları  məsləhət

Aidə Səlim: "Dərslər başlamazdan ən azı bir həftə əvvəl tələbələr ya kitab oxumalı, ya əvvəlki dərslərə ümumi nəzər salaraq, evdə o mühiti formalaşdırmalıdırlar" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Eh, tətilin bitməsini heç istəmirəm. Kaş ki, bütün ili istirahət etsək. 45 dəqiqə bir yerdə oturmaq, mühazirə yazmaq, seminara hazırlaşmaq, yeni müəllimlərlə tanış olmaq, qiymət davası etmək, fərdi işlər, bunların hamısı yeni dərs ilinin məşəqqətli yolunun başlanğıcıdır.  Ən əsası da, 45 dəqiqə parta arxasında oturub müəllimi dinləməyə heç səbrim çatmır".   Bilirəm, bu sözlər çoxlarına tanış gəldi. Çünki əksəriyyətimizin evində yeni təhsil ilinin başlaması ilə əlaqədar olaraq deyinən biri mütləq vardır. Əslində, elə biz də belə deyinən tələbələrdən olmuşuq. Tələbələrin yeni dərs ilində yaşadığı problemlərdən biri də adaptasiya olmaqdır. Belə ki, bir müddətlik fasilədən sonra dərs mühitinə alışmaq bir az vaxt alır. Hətta tələbələr arasında gülmək məqsədilə istifadə edilən deyim var: "Biz universitetə adaptasiya olana qədər dərs ili bitəcək". Bəli, sözün həqiqi mənasında, bəzi tələbələr yeni dərs ilinə adaptasiya olmaqda çətinlik çəkir. Ona görə də gənclərin yaşadığı bu kiçik problemi nəzərə alaraq psixoloq Aidə Səlim ilə həmsöhbət olduq.   Psixoloq deyir ki, tətildən sonra dərslərə yenidən adaptasiya olmaq təxminən 1 həftə davam edir: "Tətildən sonra məktəblilər və tələbələrdə həm dərsə adaptasiya olmaq, həm də diqqətin cəmlənməsi ilə bağlı problemlər özünü göstərir. Çünki 3 aylıq yay tətilindən sonra hər gün ən azı 4-5 saat parta arxasında, auditoriyada oturmaq, mühazirələr, sessiya imtahanları və s. barədə düşündükcə, dərs mühiti əvvəlcə insana çox çətin və yorucu gəlir. Ancaq aparılan araşdırmalara əsasən deyə bilərik ki, tətilsonrası dərslərə yenidən adaptasiya olmaq təxminən bir həftə davam edir. Problemi aradan qaldırmaq, üzərinizdə olan bu yorğunluq və "heç nə etmək istəməmək" hissini özünüzdən uzaqlaşdırmaq, ilk olaraq özünüzdən və həyat tərzinizdən asılıdır. Belə ki, dərslər başlamazdan ən azı bir həftə əvvəl tələbələr ya kitab oxumalı, ya əvvəlki dərslərə ümumi nəzər salaraq, evdə o dərs mühitini formalaşdırmalıdırlar. Dolayısı ilə, tələbə bu zaman psixoloji olaraq dərs mühitinə hazırlaşır və dərsin ilk günü ona təqvimin yeni və yad bir günü kimi görünmür. Dərslərdən uzaq qaldığınız üçün ya ixtisasınızla bağlı, ya da keçdiyiniz dərslərlə bağlı nələri isə unutmuş ola bilərsiniz. Buna görə, sizə lazım olan məlumatları səthi də olsa təkrar etməkdə fayda vardır.  Hazırda təqvimə nəzər salsaq, yeni tədris ilinin başlanmasına bir həftə vaxt var. Tələbələr elə indidən bu hazırlıqlara başlayaraq ilk dərs həftəsində yaşaya biləcəkləri "tətilsonrası dərs sindromu"nun da qarşısını ala bilərlər.


Xəbərə aid foto