Sosial şəbəkələrdə dostu necə seçək? Diskussiya


Digərləri 09 Sen 2018 21:45:00 356 0

Sosial şəbəkələrdə dostu necə seçək?  Diskussiya

Gənclər deyir ki, burada real həyatdakından fərqli olaraq, istənilən insanı rahatlıqla dostluqdan silə bilərsən 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Sosial şəbəkələr insanların, xüsusilə də gənclərin həyatının önəmli hissəsini "ələ keçirib". Dostluqlar, xəyanətlər, münasibətlər artıq real həyatdan virtuala keçib. Onlayn dost olur, bəzən bunu realda da davam etdiririk. Lakin hər zaman uğurlu dostluqlar qura bilmirik. Bəs, gənclər sosial şəbəkələrdə dostu necə seçir, dostluq təklifi göndərərkən, yaxud qəbul edərkən hansı nüanslara diqqət edirlər? Ümumiyyətlə sosial şəbəkələrdə ətrafımızı necə müəyyənləşdirməliyik?   Aygün Əlizadə:  - Düşünüərm ki, sosial şəbəkələrdə dost siyahısı hazırlayarkən ehtiyatlı olmaq lazımdır. Çünki müasir dövrdə bizim profilimiz CV rolunu oynaya bilər. Bu gün bizim haqqımızda ən çox məlumat verən mənbə facebook profilimizdir. Mən dostluq təklifini dəyərləndirərkən və seçərkən daha çox həmin şəxsin ana səhifəsində paylaşımlara baxıram. Neqativ paylaşımlar edənləri birmənalı qəbul etmirəm. Daha çox "bu dostdan mən nə öyrənə bilərəm" sualına cavab axtarıram. Əgər paylaşımları mənasız və maarifləndirici deyilsə, o şəxsi qəbul etmirəm.   Yusif Xantəmirov: - Hazırda sosial şəbəkələrdən tanışlıq və sosiallaşmaq məqsədilə deyil, reklam, dinin təbliği, yaxud siyasi fəaliyyətlər üçün istifadə olunur. Bu səbəbdən seçərkən saxta profillərdən qaçıram. İkinci məsələ, şəklini paylaşmayan, özü haqqında məlumat olmayan insanları qəbul etmirəm. Dostluq təklifi göndərən şəxs tanış deyilsə, onunla ortaq dostlarımıza diqqət edirəm. Neçə ortaq dostumuz var və kimlərdir? Elə ortaq dostlar var ki, onlar həmin adamı dostluğuma qəbul etməyə yetərli səbəb deyil. Bir-iki ortaq dost olsa belə, o demək deyil ki, qəbul etməliyəm. Bu zaman da mərhələli şəkildə araşdırıram. Ən əsası, mənim dostluq prinsiplərimdə məşhur şəxslər ortaq dost sayılmır.   İsa Hüseynli: - İnsanlar həm həyatda, həm də virtualda dost seçərkən ortaq cəhətlərin olmasına fikir verirlər. Sosial şəbəkələr də belədir. İlk olaraq diqqət etdiyim məsələ odur ki, mənim bu insanla hansı ortaq cəhətim var. Düşüncə tərzimiz, təfəkkürümüz necədir? Mən dostumla eyni təfəkkür və düşüncə tərzində olmalıyam. Bəzi insanlar təhlükəlidir, ehtiyatla davranmaq lazımdır. Digər yoldaşlar vurğuladı ki, ana səhifəyə baxıb necə dost olmasına qərar verirlər. Amma bununla düzgün seçim etmək olmur. Bir çox insanlar elə fikirlər paylaşır, düşünürsən ki, bundan ağıllısı yoxdur. Amma danışdıqca, kiminsə fikirlərini oğurladığının fərqinə varırsan. Hətta yazışma zamanı belə, düzgün cümlələr qura bilməyən, amma fəlsəfi paylaşımlar edən insanlar var. Ona görə də mən yoldaşlarımdan fərqli olaraq, ana səhifəyə baxıb qərar verə bilmirəm. Ana səhifə bizi aldada da bilər. Ancaq həmin insanla ünsiyyət qurduqdan sonra qərar verirəm ki, dostum ola bilər, ya yox.    Nəsibə Aslanova - Mən məsələyə eyni aspektdən yanaşan insanlarla dostluq etməyi xoşlamıram. Sadəcə dini paylaşımlar, yaxud sadəcə siyasi paylaşımlar edənlər mənə maraqlı deyil. Mənə İsadan fərqli olaraq, öz fikrimdə olan dostları yox, fərqli fikirlərdə olan insanları dinləməyi sevirəm. Çünki eyni düşüncədə olan insanları ətrafıma toplasam, hər şeyə birtərəfli baxaram. Fərqli düşüncəli insanlarla dostluq edirəm, bəyənməsəm, dostluqdan çıxarıram. Sosial şəbəkələrdə real həyatdan fərqli olaraq, istənilən insanı rahatlıqla dostluqdan silə bilərsən. Dostluqdan çıxarmaq bir düymədən asılıdı.   - Şəkilsiz profillərə münasibətiniz necədir? İsa Hüseynli: - Profil şəkilsiz belə olsa, məlumatın bir hissəsini görmək olar. Əslində məxfi profillər mənə daha çox maraqlı gəlir. Düşünürəm ki, bu paylaşımı edən insan kimdir. Araşdırıram və elə insanları öyrənmək üçün dostluğuma qəbul edirəm. Bəlkə elə axtardığım insan budur? Mənim üçün şəklin olmaması böyük əhəmiyyət kəsb etmir.

Yusif Xantəmirli: - Düzdür, oğlanlar da şəkillərini dəyişir. Amma əsasən xanımlar gizlədirlər. Mənim ciddi qəbul etmədiyim nüans xanımların hansısa müğənninin şəklini profil etmələridir. Pişik, mənzərə şəkli o qədər təsir etmir. Amma başqa insanların şəkillərini profil edən insanları dostluğuma qəbul etmirəm. Aygün Əlizadə:- Oğlanlar da kifayət qədər digər insanların şəkillərini yerləşdirirlər. Bu mənə qəribə gəlir. Əgər oğlan öz şəklini qoymursa, demək özünə güvənmir. Bu da zəiflik əlamətidir.   Nəsibə: - Mən facebookda şəkillərdən çox fikirlərə baxıram. Şəklin nə olması mənim üçün əhəmiyyətsizdir. Əslində şəkildən də insanın təfəkkürünü, fikrini müəyyənləşdirmək olur. Məsələn, biri var hamının yerləşdirdiyi şəkli profil etmək, biri də var tam fərqli şəkildən istifadə etmək. Bunun özü belə müsbət keyfiyyətdir.  İsa: - İnsan özünü nə qədər gizlədirsə, başqa insanlar tərəfindən o qədər sirli və maraqlı görünür. Mən, oğlan, yaxud qız fərq etmir, profilində maraqlı şəkil yerləşdirəndə, deyirəm ki, bunu araşdırmaq lazımdır. Şərt deyil ki, dərhal dostluğa qəbul edəsən. Bəzi oğlanlar var ki, mənə dostluq göndərib qəbul etmirəm, amma söhbət edirəm. Hətta bir dostum var ki, facebookda dostluq etmişik, sonra real həyatda da görüşdüm. İndi çox yaxşı dostuq. Dünyada 10 fərqli insan varsa, biri odur. Ondan çox şey öyrənirəm, amma profil şəkli yoxdur. Mən bu dostluğu profil şəkli olmadığı üçün qəbul etməsəydim, bu gün onu tanımazdım.   Nəsibə: - Sosial şəbəkələrdə məni ən çox narahat edən məsələ insanların müzakirəni davaya çevirmələri, kimisə səhv çıxarmağa çalışmalaırıdır. Hər insan fikri fərqli ola bilər. Amma anlaşılmazlıqda da anlaşmalıyıq.


Xəbərə aid fotolar