270 ilə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edir VİDEO FOTO


Digərləri 09 Sen 2018 20:35:00 334 0

270 ilə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edir  VİDEO  FOTO

Tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadə 30 ilə yaxındır ki, Şəki sənətkarlarının misilsiz sənət ənənələrini böyük sevgi ilə davam etdirir, bu qədim el sənətini yaşadır. Şəbəkə sənətinin sirlərinə mükəmməl yiyələnən bu el sənətkarının əl işləri nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük maraq doğurur, əsərləri bir sıra xarici ölkələrin muzeylərini bəzəyir, sərgilərdə nümayiş etdirilir.

Hüseyn Hacımustafazadə yeni şəbəkələr hazırlamaqla yanaşı, qədim şəbəkə nümunələrini bərpa etmək, gələcək nəsillərə çatdırmaq məqsədi ilə də axtarışlar edir, Şəkinin qədim evlərindən tapdığı şəbəkə nümunələrinə yeni nəfəs verməyə çalışır. Hazırda Hüseyn usta 270 ilə yaxın yaşı olan qədim şəbəkə pəncərənin bərpası üzərində işlərə başlayıb.

Son.az xəbər verir ki, sənətkar AZƏRTAC-a müsahibəsində bildirib ki, şəhərin "Otaq eşiyi" adlanan ərazisindəki qədim evdən götürülən bu şəbəkə pəncərənin şüşələri yaxşı vəziyyətdə qalsa da, taxta hissələri çürüyüb sıradan çıxıb. Onun sözlərinə görə, şəbəkə pəncərənin bərpası zamanı 1000-dən artıq detal və rəngli şüşədən istifadə olunacaq. Bütün taxta hissələr yenilənməlidir. Şəbəkənin bərpasına 3 ay vaxt lazımdır. "İstəyirəm ki, bu əsəri Parisdə təşkil olunacaq növbəti sərgidə nümayiş etdirim. Azərbaycanın, Şəkimizin necə qədim mədəni irsə malik olduğunu xaricdə də təbliğ edim, ölkəmizin mədəni dəyərlərinin tanıdılmasında mənim də zərrə qədər də olsa əməyim, zəhmətim olsun", - deyə Hüseyn usta bildirib.

Xatırladaq ki, Hüseyn Hacımustafazadə ötən il də 270-ə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edib. Şəmsi və nəbati naxışlardan toxunan şəbəkənin hazırlanmasında 800-dək detal və rəngli şüşədən istifadə olunub. Bu əsər ilk dəfə cari ilin fevralında Moskva şəhərində, Rusiya Dövlət Dumasının binasında Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgidə, daha sonra mayda Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günü çərçivəsində təşkil olunan sərgidə uğurla nümayiş etdirilib və böyük marağa səbəb olub.


Xəbərə aid fotolar