Millimizin 68-ci stadionda 68-ci rəqibi


İdman 09 Sen 2018 15:12:00 221 0

Millimizin 68-ci stadionda 68-ci rəqibi

Azərbaycan millisi 26 illik tarixində yeni rəqiblə qarşılaşıb. Goal.az xəbər verir ki, FİFA və UEFA-nın gənc üzvlərindən olan Kosovonun əsas millisi indiyədək yığmamıza rəqib olmamışdı. Bakı Olimpiya Stadionunda qolsuz bərabərliklə nəticələnən qarşılaşma ilə millimizin rəqiblərinin sayı dəyişib. Belə ki, bunadək 67 komanda ilə görüşən yığmamız 68 minlik stadionda 68-ci rəqiblə üz-üzə gəlib.

 Özbəkistan, Qazaxıstan və Moldova yığmaları millimizin ən yaxşı tanıdığı komandalardı. Çünki bu rəqiblərin hərəsi ilə 10 qarşılaşma baş tutub.

Kosovoyla qarşılaşma rəqiblərimiz arasında UEFA təmsilçilərinin də sayını artırıb. Məlumdur ki, Azərbaycan da daxil olmaqla bu quruma 55 ölkə üzvdü. Millimiz mümkün olan 54 rəqibdən artıq 46-sı ilə üzləşib. Üz-üzə gəlmədiyimiz 8 UEFA təmsilçisi Hollandiya, Şotlandiya, İrlandiya, Danimarka, Yunanıstan, Sloveniya, Cəbəllütariq və Ermənistandı. Bəllidir ki, ermənilərlə yalnız neytral meydanda təşkil olunan final mərhələlərində görüşməyimiz mümkündü. Çünki UEFA qaydalarına əsasən komandalar bir-birinin meydanında oynaya bilməz.