Xərçəng xəstəliyi sürətlə artır və gəncləşir


Digərləri 08 Sen 2018 21:10:00 224 0

Xərçəng xəstəliyi sürətlə artır və gəncləşir

Dünyanın bəlasına çevrilən xərçəng xəstəliyi son illərdə artıq Azərbaycanda da sürətlə artmaqdadır. Ən təəssüfedici isə odur ki, xəstəlik artıq gəncləşməyə, hətta uşaqlar arasında da yayılmağa başlayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, statistik məlumatlar da onu göstərir ki, əgər bundan əvvəl gənclərin arasında xərçəngin dinamikasında artım narahatlıq doğururdusa, uşaqlarda da artıq bu xəstəliyin aşkarlanması həyəcan siqnalı verməkdədir. Ekspertlər qeyd edirlər ki, xərçəng xəstəliyinin artması və "cavanlaşması"na əsasən bölgələrdə daha çox rast gəlinir. Xəstəlik əsasən uşaqlarda tənəffüs yollarında, qadınlarda mədədə və süd vəzilərində, kişilərdə isə mədə və ağciyərlərdə aşkar edilir.

Ekspertlər qeyd edir ki, dünyada xərçəngin sürətlə yayılmasına səbəb ətraf mühitin qlobal çirklənməsi, təbii qidaların azalması, smart telefonlardan, internetdən çox istifadədir. Bu bir faktdır ki, indi əksər evlərdə günün 24 saatı Wi-Fi işləyir və insanlar 24 saat şüalanmış olurlar. Qeyd olunan faktlarla yanaşı digər amillər də var, məsələn, rəngli içkilər, içərisinə nə qatıldığı bilinməyən kolbasalar və sairə qidalar son nəticədə xərçəng xəstəliyinin artmasına səbəb olur.

"Onkoloji xəstəliklər təkcə bizdə deyil, bütün dünyada artmaqdadır. Bunun da ümumi və fərdi səbəbləri var. Azərbaycanda 30 il əvvəl uşaq onkoloji xəstəlikləri haqqında ancaq ədəbiyyatdan oxuyardıq. Amma indi uşaq onkoloji şöbəsi var. Yəni xəstəlik o qədər artıb ki, artıq şöbəsi də açılıb. Ümumi səbəblər əsasən bunlardır - ekoloji problemlər, anaların sağlam olmaması, hamiləliyin normal həyata keçməməsi və sairə. Lakin Azərbaycanın öz səbəbləri var. İlk növbədə qeyd edim ki, bizdə qan xərçəngi xəstəliyi daha çox yayılıb. Valideynlər qan analizi ilə bağlı vaxtında müraciət etmirlər. Əgər uşaqlarda davamlı baş ağrıları, baş gicəllənmələri, səhər ürəkbulantıları, yuxusuzluq olarsa, mütləq şəkildə həmin uşaq həkim müayinəsindən keçməlidir. Bəzən valideynlər bunu məktəb yorğunlu ilə əlaqələndirir, məsələyə etinasız yanaşırlar. Lakin davamlı baş ağrıları ciddi siqnaldır.

Xərçəng xəstəliyinin müəyyən formaları var ki, müalicə olunandır, amma bir şərtlə ki, vaxtında aşkar olunub müalicə aldıqda. Əks halda, xərçəng hüceyrələri bütün bədənə daraşır və müalicəsi mümkünsüz olur".

Qeyd edək ki, statistik məlumatlara görə, hər il təxminən 7 milyon insan xərçəng xəstəliyindən dünyasını dəyişir. Ekspertlər qeyd edir ki, bu cür sürətlə xərçəng xəstəliyi ürək xəstəliklərini də ötüb keçəcək. Beləliklə, dünyada hər üç qadın və hər iki kişidən biri məhz xərçəng xəstəliyinə yaxalanacaq.