"Həddən artıq müasirliyin də, həddən artıq mühafizəkarlığın da əleyhinəyəm" Mənim balam FOTO


Digərləri 07 Sen 2018 23:51:00 317 0

"Həddən artıq müasirliyin də, həddən artıq mühafizəkarlığın da əleyhinəyəm"  Mənim balam  FOTO

Akif Aşırlı: Valideynin cəmiyyət qarşısında, övladın isə valideyn qarşısında məsuliyyəti var 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlını bir media kapitanı, Azərbaycan jurnalistikasının keçmişini araşdıran şəxs və ən çox da ekspert kimi yaxşı tanıyırdım. Ötən mövsüm Türk dünyasının mədəniyyət paytaxtı seçilən Kastamonuya səfər zamanı onu bir valideyn kimi kəşf etmək imkanım oldu. Səfər zamanı Akif müəllimlə övladlarının təhsilindən, cəmiyyətə inteqrasiyasından danışdıqca danışdıq. Gözlərindəki qüruru gördüm, ürəyindəki fəxri duydum. Onun necə valideyn olduğunu sizlərə də göstərmək istədim.

Müsahibimizlə elə "Şərq"in ofisində görüşdük. Redaksiyanın "Mətbuat muzeyi"ni gəzdik. Müsahibə mövzumuzu eşidən Akif Aşırlı bir qədər tərəddüd etdi, amma imtina etmək şansı yox idi.

Akif müəllimin 3 övladı var. Böyük övladı Cəmilə İstanbul Universitetinin tibb fakültəsində, ortancıl övladı Hüseyn Yıldız Teknik Universitetində, kiçik övladı Abduləzim isə Bakıdakı Atatürk liseyinin 11-ci sinifdə təhsil alır.    - Akif müəllim, övladlarınızı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz? Dədə-baba üsulu sizin ruhunuza yaxındır, yoxsa müasir qaydalara müraciət edirsiniz?

- Dədə-baba qaydaları deyəndə, illər ərzində formalaşmış ailə tərbiyəsi modelindən imtina etmək olmaz. Qeyd edim ki, bunun müsbət tərəfləri çoxdur.

- Məsələn nələrdir?

- Heç zaman müasirliyin əleyhinə  olmamışam. Yaşından asılı olmayaraq hər insan gərək böyük-kiçik yeri bilsin. Ədəb-ərkan qaydalarına riayət etmək, min illərlə formalaşmış dəyərlərə toxunmaq olmaz. Uşaqları böyüdərkən onlara hər zaman öz fikrini ifadə etməyi məsləhət görmüşəm. Nə istədiklərini açıq şəkildə bildirmələri və bizimlə rahat şəkildə fikir mübadiləsi etmələri üçün hər bir şərait yaratmağa çalışmışam.    - Çevrənin insanı yetişdirdiyi bir dövrdə övladlarınızın çevrəsinə nəzarət etmək imkanınız varmı?

- Oğlanlarımın dostlarının əksərini tanıyıram, bəzilərini uzaqdan olsa belə izləmişəm. Bəzilərinin ailələri ilə çox yaxın tanışlığımız var. Qızımın ətrafını isə anası yaxşı bilir. Onun kimlərlə dostluq etdiyi, əlaqə saxladığı və ətrafında hansı insanların olduğundan xəbərdardır. Türkiyədə təhsil alsalar da, biz uşaqların oradakı çevrəsi ilə də tanışıq. Türk dostlarını belə ad, soyadına kimi bilirik, ailələrindən qismən məlumatlıyıq. Hər zaman övladlarıma ətraflarında keyfiyyətli, savadlı, dünyagörüşü zəngin olan insanları cəmləməyi tövsiyə etmişəm. Bu baxımdan onlardan narahat deyiləm. Baxmayaraq ki, xaraktercə çox mühafizəkar görünürəm. Halbuki, qızımın Türkiyədə təhsil almasına birmənalı şəkildə "hə" deyib, onun önünü açıb, xaricdə təhsil alması üçün həvəsləndirmişəm.

- Biz sizi səmimi, bir qədər sakit və mülayim insan kimi tanıyırıq. Övladlarınızı da bu ruhda görmək istəyirsinizmi?

- Övladlarım arasında qızım daha çox səbirlidir. Gənclərin müəyyən bir dövrü olur ki, onlar öz fikirlərini yeritməyə, təlqin etməyə meyilli və bir az da deyim ki, emosional olurlar. Övladlarımın gələcəklərini necə quracaqları haqqında müəyyən qədər özlərinin təsəvvürləri  var. Sadəcə, bu təsəvvürləri biz korrektləşdiririk, istəklərinə müəyyən yön veririk. Onlar da  xaraktercə mülayimdirlər. Hər zaman demişəm ki, öz doğru bildiyiniz fikrinizdən əminsinizsə, heç vaxt geri çəkilməyin. Təbii ki, onun üçün doğru olan başqası üçün olmaya bilər.

Gənclərlə təmasda olanda görürəm ki, bizim çox maraqlı gəncliyimiz var. Öz istəyini müasir tələblərlə əsaslandıran və onu cəmiyyətə çatdırmağa meyilli olan iradəli, iddialı gənclərimiz çoxdur. Bir valideyn kimi istəyirəm ki, övladlarım o xarakterdə olsun. Təbii ki, onların öz iddiaları, qarşılarına qoyduğu məqsədlər var və bu işdə onlara dəstəyəm. Bacı-qardaş İstanbulda bir yerdə qalır, bir-birinə dəstək olur. Hər ikisi ictimai fəaliyyətə də qatılıblar, azərbaycanlı tələbələrin yaratdıqları İnnovativ Gənclər Birliyində təmsil olunurlar. Bu cəmiyyət siyasi fəaliyyətlə məşğul deyil, orada dünyanın müasir texnoloji prosesləri, hər bir gəncin öz təhsil sahəsindəki uğurları, planlaşdırdığı ideyalar müzakirə olunur, Azərbaycanda bu ideyaları həyata keçirməyin yolları axtarılır və bir-birlərinə dəstək verirlər. 

- Övladlarınızın heç biri sizin sənətinizi davam etdirməyib. Özünüz onları bu sahəyə yönləndirməmisiniz?

- Balaca oğlumun qəzetdə bir-iki dəfə məqaləsi çıxıb. Hüseyn isə idman saytı açmışdı. Orda xəbər, reportaj deyil, idmanla bağlı təhlili yazılar yazır, dostlarının məqalələrini yerləşdirirdi. Saytı da özü yığmışdı. Həmin saytın taleyi ilə sonradan maraqlanmadım. Daha sonra qardaşı ilə birlikdə "Youtube"da kanal açmışdılar. Orada bir neçə kiçik filmlər çəkib paylaşırdılar. Bu filmlər Azərbaycanın tarixindən bəhs edirdi. Hətta mifoloji üslubda olanlar da vardı. Hüseynin özünün bloqu, sosial şəbəkələrdə səhifəsi var.   - Hüseynin idman saytı açmasında sizin köməyiniz olubmu?

- Mənim ondan xəbərim olmayıb. O, paylaşanda gördüm ki, belə bir sayt yaradıb. Hüseyn universitetə qəbul olduqdan sonra iki-üç ay "Şərq" qəzetində işlədi. Burada idman səhifəsini hazırlayırdı. Bir dəfə bitcoinlə bağlı yazı hazırlamışdı. Ondan sonra hiss etdim ki, onda yazmağa meyillilik var. Ancaq onları heç vaxt məcbur etmərəm ki, gəlib jurnalist olsunlar. Əgər canlarında yaradıcılıqla məşğul olmaq varsa, bu, nə zamansa özünü göstərəcək.


Xəbərə aid fotolar