Şaftalının meyvəsi, çiçəyi, toxumu və yarpaqları müalicə vasitəsi kimi çox faydalıdır


Digərləri 07 Sen 2018 23:16:00 624 0

Şaftalının meyvəsi, çiçəyi, toxumu və yarpaqları müalicə vasitəsi kimi çox faydalıdır

Şaftalının dadı da, ləzzəti də hamımıza məlumdur. Yayda şaftalının özünü, digər fəsillərdə isə bu meyvədən hazırlanan məhsulları - mürəbbə, cem, kompot və sair iştahayla yeyirik. Amma çoxumuz bilmirik ki, şəfalı xüsusiyyətlərə malik şaftalı meyvəsi kimi onun çiçəyindən, yarpaqlarından və çəyirdəyindən bir çox xəstəliklərin müalicəsində əvəzsiz təbii vasitə kimi istifadə etmək faydalıdır.

Son.az bildirir ki, bu fikirləri Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzunillik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-a şaftalının faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışarkən deyib.

Zaur Həsənov bildirib ki, yüksək pəhrizlik xüsusiyyətlərə və zəngin kimyəvi tərkibə malik şaftalı meyvələri çox qədimdən Şərq xalqlarının böyük dəyər verdiyi qiymətli meyvə bitkilərindəndir. Bu səbəbdən də ona İranda Şahalı da deyilir.

Meyvələrdə şəkərlər, pektin, sellüloza, C vitamini, həmçinin bir çox digər maddələr vardır. Eyni zamanda, meyvədə 22 ədəd mineral element mövcuddur. Üzvi turşulardan alma, limon və şərab turşusu üstünlük təşkil edir. Meyvə lətində 18-ə qədər amin turşuları, ləpəsində 4,84 - 56,88 faiz yağ var. Bu yağdan yeməkdə istifadə edilməklə yanaşı, həm də qulaq ağrıları zamanı sakitləşdirici vasitə kimi istifadə edilir.

Müalicə vasitəsi kimi şaftalının meyvələri, çiçəyi, toxumu və yarpaqları istifadə olunur.

Şaftalı şişkinlik, anemiya, qusma əleyhinə, sidikqovucu, yumşaq işlədici təsirli, həzmi asanlaşdıran, qaraciyərin işini yüngülləşdirən, bədxassəli şişlər əleyhinə orqanizmin müvazinətini artıran, qocalmanı ləngidən profilaktiki vasitə kimi istifadə edilir.

Şaftalı meyvələri və şirəsi ürək-damar xəstəlikləri, həmçinin ürək ritminin pozulması və ateroskleroz, tənəffüs yollarının, qaraciyərin, öd kisəsinin, böyrəklərin xəstəliyi, qanazlığı, qəbizlik, aşağı turşuluqlu mədə xəstəliyi zamanı faydalıdır. Bu məqsədlə təzə meyvələrdən çəkilmiş şirə, gündə 2-3 dəfə olmaqla, yeməkdən yarım saat qabaq ½ - 1 stəkan içilir.

Şaftalı meyvələrindən hazırlanmış kompot qaraciyər, böyrək, ürək-damar xəstəliklərinin müalicəsində məsləhət görülür. Piylənməyə qarşı şəkərsiz kompot faydalıdır.