Balaton gölü macarların sevimli istirahət məkanı olaraq qalır


Digərləri 07 Sen 2018 22:23:00 388 0

Balaton gölü macarların sevimli istirahət məkanı olaraq qalır

Bu yaxınlarda keçirilmiş rəy sorğusunun nəticələrinə görə, Balaton gölü macarların sevimli istirahət məkanı olaraq qalır. Onların çoxu bu məkana təkcə yayda deyil, qışda da istirahətə gəlir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, kupon assosiasiyası və bazarın öyrənilməsi təşkilatı macarların Balaton gölünə münasibəti ilə bağlı rəy sorğusu keçiriblər. Mətbuat üçün açıqlamada qeyd olunur ki, respondentlərin üçdəbiri "macar gölünə" hər il getmədiklərini bildiriblər.

Balaton gənc nəsil üçün daha cəlbedicidir: sorğuda iştirak edənlərin 27 faizi gölə ildə bir dəfə getdiklərini bildirib, 25-29 yaş arası şəxslərdə isə bu göstərici 36 faiz təşkil edib. Respondentlərin daha 17 faizi deyib ki, ildə azı iki dəfə Balatona gedirlər.

Maraqlıdır ki, əvvəllər Balaton gölünə təşkil olunan ikihəftəlik tətillər günümüzdə daha az yayılıb. Belə ki, macarlar gölə daha qısamüddətli istirahətə getməyi üstün tuturlar. Respondentlərin əksəriyyəti (44 faizi) bu məkanda cəmi bir neçə gün, üçdəbirindən çoxu isə bir həftə keçirdiklərini bildiriblər. 25-29 yaş arası macarların çoxu isə Balatona yalnız istirahət günləri gəlir.