Mətbuat Şurası Azərbaycan dilinin qorunması ilə bağlı dəyirmi masa keçirib (FOTO)


Digərləri 07 Sen 2018 20:27:00 242 0

Mətbuat Şurası Azərbaycan dilinin qorunması ilə bağlı dəyirmi masa keçirib (FOTO)

Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

Bakı. Bu gün Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirilib. Şuradan Trend-ə verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məlumat verib ki, tədbir rəhbərlik etdiyi qurumun Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Azərbaycan media məkanında ədəbi dilin qorunmasına dəstək» layihəsi çərçivəsində reallaşır. Media fəaliyyətinə dildən istifadə sahəsində ən spesifik məqam kimi diqqət çəkən Ə.Amaşov bildirib ki, kütləvi informasiya vasitələrində çalışanların ana dilimizdən düzgün yararlanmaları mütləqdir. MŞ sədri jurnalistikamızda dildən istifadə xüsusiyyətlərinin çoxsaylı müzakirələrin mövzusuna çevrildiyini deyib. O vurğulayıb ki, ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq, jurnalistlərin ədəbi dilin işlədilməsi qaydaları ilə bağlı problemləri yaşanmaqdadır. “Layihəmizin məqsədi həmin tendensiyanın aradan qaldırılmasına dəstək göstərməkdən ibarətdir. Bu, 2018-ci ildəki ilk toplantımızdır. Hələlik bəzi xarakterik məqamları diqqətə çatdırmağı düşünürük. Monitorinqimiz iyunun 15-dən noyabrın 15-dək olan dövrü əhatə edir. İlkin nəticələrimiz var. Tədbirimiz də bu nəticələri ümumi şəkildə vurğulamaq, diqqətə çatdırmaq məramından irəli gəlir. Layihə çərçivəsindəki ikinci tədbirimizdə isə konkret rəqəmləri açıqlamağı düşünürük”. MŞ-nin ədəbi dilin qorunması ilə bağlı monitorinqinin qrup rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, “Xalq qəzeti”nin əməkdaşı İlham Abbasov məlumat verib ki, Şuranın ötən illərdə apardığı araşdırmalara bir qayda olaraq qəzetlər daxil edilirdi. Bu dəfə informasiya saytlarının da materialları araşdırılacaq. “Ümumilikdə 20 KİV-i nəzərdən keçiririk. İlkin nəticə bundan ibarətdir ki, elektron informasiya resurslarında ana dilimizin normalarına riayət sahəsindəki vəziyyət ürəkaçan deyil. Bu, əlbəttə, tələskənlikdən irəli gəlir. Bir çox hallarda müəllifin yazdığı mövzu barədə məlumatsızlığı dil pozuntularını doğurur. Prinsipial məqam budur ki, pozuntu dilin qrammatik sisteminə daxil olursa, məsələ ciddidir. Belə ciddilik müşahidə edilməkdədir. Daha bir xarakterik cəhət mürəkkəb sözlərin işlədilməsi ilə əlaqədardır. Təbii ki, orfoqrafik səhvlər də kifayət qədərdir. Ancaq biz müqayisəli yanaşırıq. Çünki Mətbuat Şurası artıq neçə illərdir ki, mövcud istiqamətdə iş aparır. Müşahidələrimiz onu deməyə əsas verir ki, ötən illərdən fərqli olaraq ümumən mediada ana dilimizin işlədilməsi sahəsində müsbət tendensiyalar nəzərə çarpmaqdadır. Əldə edilmiş bu nəticənin qorunub saxlanılması üçün fəaliyyətimizin davamlılığına ehtiyac var”, - deyən İ.Abbasov bildirib ki, Mətbuat Şurasının monitorinqində iki başlıca məqama diqqət yetirilir. Birincisi leksik pozuntulardır ki, bura alınma dialekt, şivə sözlərin, terminlərin və yeni sözlərin, yəni neologizmlərin işlədilməsi ilə bağlı pozuntular daxildir. Qrammatik pozuntulara isə morfoloji və sintaktik qaydalara əməl olunmaması ilə bağlı pozuntular, həmçinin üslub pozuntuları aiddir. Mediamızda ana dilimizdən istifadə sahəsində kifayət qədər pozuntu faktlarının mövcudluğunu vurğulayan MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, belə təmayüllərə qarşı bütövlükdə cəmiyyətin səfərbər olması zəruridir. O, son dövrlər mövzu ilə bağlı çoxsaylı tədbirlərin gerçəkləşdirdiyini diqqətə çatdırıb. Baş redaktor onu da bildirib ki, hər bir media orqanı yol verdiyi dil xətalarını səmimi qarşılamalı, fəaliyyətində dönüş etməyi bacarmalıdır.