Azərbaycan və Litva XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb


Siyasət 07 Sen 2018 17:49:46 243 0

Azərbaycan və Litva XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Хarici işlər nazirinin müavini Xələf Xələfov Litvaya səfər edib

Sentyabrın 6-7-də Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Litvada rəsmi səfərdə olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Litvanın xarici işlər naziri Linas Linkəviçyus, hökumət kansleri Algirdas Stançonitis, Litva Seyminin Xarici əlaqələr komitəsinin rəhbəri Yuozas Bernatonis, Litva prezidentinin siyasi məsələlər üzrə baş müşaviri Neriyus Aleksiejunas, Seymdə Azərbaycanla dostluq qrupunun rəhbəri Baltik Assambleyasının prezidenti Valeriyus Simulik ilə görüşlər keçirib. Səfər zamanı Azərbaycanvə LitvaXarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Məsləhətləşmələrdə Litva nümayəndə heyətinə Litva Xarici işlər nazirinin müavini Darius Skusəviçyus rəhbərlik edib.

Görüşlər zamanı iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə, əməkdaşlıq-tərəfdaşlıq ənənələrinə əsaslandığı, bu münasibətlərin bu gün də uğurla genişləndirilməsi və dərinləşdirilməsi barədə müzakirələr aparılıb,ölkələrimizin ikitərəfli olduğu kimi, çoxtərəfli müstəvidə də aktiv və səmərəli səkildə əməkdaşlıq etdiyi bildirilib.

Hər iki ölkənin müstəqilliyinin və dövlətçiliyin bərpasının 100 illik yubileyi qeyd edilib və müstəqilliyin bərpasından sonra ölkələr arasındakı münasibətlərin uğurlarla inkişafı vurğulanıb.

Görüşlər zamanı iki ölkə arasında iqtisadi əlaqələr müzakirə edilib, qeyri-neft sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, mədəniyyət, təhsil, turizm, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün perespektivlər müzakirə edilib. Hər iki ölkənin iqtisadi əməkdaşlıq üçün geniş imkanları əsasında hazırki ticarət dövriyəsinin artırılması zərurəti hər iki tərəfdən təsdiq edilib. Hökümətlərarası İqtisadi-Əməkdaşlıq Komissiyasının növbəti iclasında bu məsələ ilə bağlı müvafiq təkliflərin müzakirə edilməsi, zəruri təqdbirlərin görülməsinin vacibliyi qeyd edilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb, Avropa İttifaqının regional münaqişələrə münasibətdə vahid mövqedən çıxış etməsinin zəruriliyi vurğulanıb, mövcud münaqişələrin beynəlxalq hüquq normalarına uyğun olaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət və riayət edilməsi əsasında həll olunmasının labüdlüyü qeyd edilib.

Azərbaycanın beynəlxalq terrorizmə verdiyi töhfə və NATO çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsi yüksək qiymətləndirilib. Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq müqaviləsinin tezliklə razılaşdırılmasının başa çatdırılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizi vasitəsilə töhfəsinin əhəmiyyəti qeyd edilib.

Siyasi məsləhətləşmələr zamanı iqtisadi əməkdaşlığın vacibliyi bildirilib, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri və Azərbaycanın iştirak etdiyi digər beynəlxalq nəqliyyat qovşaqları haqqında məlumat verilib, bu yolların Litvanın və bölgə ölkələrinin Mərkəzi Asiya və digər Cənub ölkələrinə logistik çıxışları üçün əlverişliyindən danışılıb. Uğurla davam edən Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi, Baltik, Qara dəniz və Xəzəri birləşdirən “Vikinq” nəqliyyat dəhlizi barədə fikir mübadiləsi aparılıb. Ölkə şirkətlərinin bu imkanlardan geniş istifadə etməsi müzakirə olunub.

Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Litva və Azərbaycan qurumları arasında uğurla davam etdirilən layihələrin icrası barədə məlumat verilib. Oxşar layihələrin daha çox sahələri əhatə etməsinin arzu olunduğu qeyd edilib.

Görüşlərdə həmçinin regionda və dünyada baş verən siyasi hadisələrlə bağlı müzakirələr, hazırkı geosiyasi vəziyyətdə ölkələrimizin milli maraqlarına dair fikir mübadilələri də aparılıb.