Hemofiliyalı xəstələrin dərmanlarla təminatında problemlər yaranıb


Digərləri 07 Sen 2018 14:10:22 321 0

Hemofiliyalı xəstələrin dərmanlarla təminatında problemlər yaranıb

Azərbaycanda hemofiliyalı xəstələrin dərman preparatları - faktor konsentratları ilə təminatında problemlər yaranıb.

Son.az xəbər verir ki, bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən başlayaraq, hemofiliyalı xəstələrin dərmanla təminatında çatışmazlıqlar müşahidə edilir: "Bu problem indiyədək həllini tapmadığından xəstələrin dərmanla təminatı məsələsi indi daha da çətinləşib. Xəstələrə verilən dərmanların həcmi getdikcə azalır. Bu isə xəstələrin sağlamlığı üçün ciddi təhlükə yaradır. Hemofiliyalı xəstəyə qanaxma olmadan həmin preparat vurulmalıdır ki, o, əlilliklə üzləşməsin. Əslində, Nazirlər Kabinetinin Qərarı ilə təsdiqlənmiş "2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı"nda da belə problemlərin yaranmaması üçün profilaktik tədbirlərin icrasına geniş yer verilib".

Assosiasiya rəhbəri dərman çatışmazlığı probleminin bu ilin sonuna qədər davam edə biləcəyindən ehtiyat etdiyini və belə olarsa, bunun ciddi problemlər yarada biləcəyini də söyləyib.

G.Hüseynova əlavə edib ki, məsələ ilə əlaqədar dünən Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili söbəsinin müdir müavini Nabil Seyidovla görüşüb.