Bakıda narkoman oğul ana və atasını vəhşicəsinə döyüb


Digərləri 07 Sen 2018 14:08:00 280 0

Bakıda narkoman oğul ana və atasını vəhşicəsinə döyüb

Atasını və anasını döyən, onlara hədə-qorxu gələrək pul tələb edən şəxs hakim qarşısına çıxarılıb. Ana və ata övladlarını bağışlamadıqlarını deyiblər.

Son.az minval.info-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq odlu silah saxlamaq ittihamları ilə həbs edilən 1984-cü il təvəllüdlü Piriyev Namiq Qulu oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində polis əməkdaşı, 28-i Polis Bölməsində əməliyyat müvəkkili Şükür Məhərrəmov ifadə verib. O deyib ki, Namiq Piriyevi "Qanlı göl" deyilən ərazidə üzərində ov tüfəngi gəzdirən zaman saxlayıb.

Digər polis əməkdaşı Nəsimi Seyidzadə də məhkəmədə ifadə verib.

Nəsimi Seyidzadə söyləyib ki, Qulu Piriyev polis bölməsinə müraciət edərək oğlu tərəfindən döyüldüyünü deyib:"Bölməyə gələndə qanın içində idi. Oğlundan şikayətçi idi. Onu dinlədim, ərizəsini yazdı. Daha sonra Namiq Piriyev polis bölməsinə gəldi və atası ilə dava etdiyini dedi. Hər iki tərəfin izahatını aldım. İşi araşdırıb prokurorluğa göndərdim"

Təqsirləndirilən şəxsin anası Kəmalə Piriyeva polis əməkdaşına deyib ki, oğlunun üzərində soyuq silah olub və onları hədələyib.

Polis əməkdaşı isə deyib ki, Namiq Piriyev polisə gələn zaman üzərində silah olmayıb.

Zərərçəkmiş ana Kəmalə Quliyeva deyib ki, oğlu Natiq narkomandır, nə etdiyini bilmir: "Həmin vaxt ölüm hadisəsi də ola bilərdi. O, hamı üçün təhlükədir"

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib.

Sənədlərin tədqiqi mərhələsində məlum olub ki, Natiq daha əvvəl narkotik və qanunsuz olaraq odlu silah saxlamaq ittihamları ilə məhkumluq həyatı yaşayıb.