Aydın Quliyev: Xorvatiya ilə yeni razılaşmalar strateji tərəfdaşlığı perspektivdə strateji ittifaqa çevirə bilər


Digərləri 07 Sen 2018 14:06:00 237 0

Aydın Quliyev: Xorvatiya ilə yeni razılaşmalar strateji tərəfdaşlığı perspektivdə strateji ittifaqa çevirə bilər

Azərbaycanla Xorvatiya liderlərinin yeni müzakirələri münasibətlərdə perspektiv genişlənmənin bütün istiqamətlərini muəyyən edən tarixi əhəmiyyətlidir.

Bakı. Samir Əli - Azərbaycanla Xorvatiya liderlərinin yeni müzakirələri münasibətlərdə perspektiv genişlənmənin bütün istiqamətlərini muəyyən edən tarixi əhəmiyyətlidir. Bunu Trend-ə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərini şərh edərkən "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib. Ekspert bildirib ki, əməkdaşlığın mümkün olan bütün istiqamətləri üzrə dəqiq tezislər ortaya qoyulduğu üçün boşluq hiss olunan və ya nəzərdən qaçmış hansısa sahədən danışmaq qeyri-mümkündür: "Ümumiyyətlə, son illərdə Azərbaycan Prezidentinin dövlətlərarası münasibətlərə gətirdiyi və hər dəfə genişləndirdiyi bir keyfiyyət yeniliyi diqqəti cəlb edir. Cənab Prezident dövlət başçıları ilə hər səfərdə bütün məsələlər barədə kompleks razılaşmalar əldə etmək taktikasını həyata keçirir. Dövlətlər arasında strateji tərəfdaşlıq və ya strateji müttəfiqliyə tam bitkin məzmun vermək üçün bundan tutarlı üsul yoxdur. İndiyə qədər bir neçə dövlətlə əməkdaşlığın timsalında yüksək peşəkarlıqla icra edilməkdə olan bu taktikanın ən yeni nümunəsini Xorvatiya ilə münasibətlərdə görürük". A.Quliyev qeyd edib ki, Xorvatiya prezidentinin Cənub Qaz Dəhlizinə qoşulmaq fikrini açıq ifadə etməsi Azərbaycanın strateji enerji layihələrini çox düzgün seçməsi və Avropanın enerji təhlükəsizliyinin güclü təminatında doğru yolda olmasının təsdiqidir: "Azərbaycan Prezidentinin Xorvatiyanın bu istəyinə dəstək verməsi və üstəlik Bakı-Tbilisi-Qarsın imkanlarından bəhrələnməyə dəvət etməsi böyük perspektivlərdən xəbər verən strateji seçimlərdir. Bunlar həm də onun göstəricisidir ki, Xorvatiya Mərkəzi Avropa ilə Xəzər hövzəsini ən müxtəlif layihələrlə bağlamaq barədə Azərbaycan Prezidentinin çoxillik fəaliyyətinin müstəsna əhəmiyyətini dünyaya nümayiş etdirir. Biz cənab Prezidentin Xorvatiya səfəri ilə Avrasiya geosiyasətində yeni bir cox maraqlı təzahürün şahidi oluruq. Bu, Cənubi Avropanın əsas əməkdaşlıq xabı kimi Xorvatiya ilə çoxdan Avrasiyanın əsas xabına çevrilmiş Azərbaycanın imkanlarını sonadək birləşdirməklə bağlı xanım Gitariviçin iddiasını ifadə edir. Azərbaycan Prezidentinin Xorvatiya üçün bu istiqamətdə bütün imkanları açmağı bəyan etməsi Avrasiya dəhlizləri üzərində Xorvatiya və Azərbaycanın müstəsna əhəmiyyətli tranzit məntəqələrə çevrildiyini göstərir. Eyni zamanda, xanim Gitariviçin Mərkəzi Asiya ölkələrinə çıxış üçün Azərbaycanın tranzit imkanlarından danışması da xüsusilə əhəmiyyətli və perspektivlidir". Ekspertin fikrincə, Prezident İlham Əliyevin yeni razılaşmalarına Azərbaycanın NATO və Avropa Birliyi ilə də əməkdaşlığına yeni mərhələlər aça biləcək təkanlar kimi dəyər verilməlidir: "Xorvatiya və Azərbaycan bir-biri üçün strateji tərəfdaşlığın bütün istiqamət və sahələr üzrə tam komplektləşdiyi ölkələrə çevrilir. Bu cür məzmunlu strateji ikitərəfli münasibətlərə aid nümunələr dünyada çox deyil. İki ölkənin iqtisadi, ticarət, investisiya, nəqliyyat, enerji, gəmiqayırma, qida istehsalı sahələrində əməkdaşlığının Bütöv Yol Xəritəsi işləndi". A.Quliyev vurğulayıb ki, Azərbaycan üçün strateji önəmli istiqamətlərdən biri mudafiə sahəsində əməkdaşlığın fəaliyyətlərinin bir növ yenilənməsidir: "Ermənistanın öz qeyri-konstruktivliyi ilə Qarabağ məsələsini müharibə variantına addım-addım çəkdiyi indiki vaxtda Xorvatiya ilə hərbi əməkdaşlığın dəyəri daha da artır. Xorvatiya ilə yeni razılaşmalar strateji tərəfdaşlığı perspektivdə strateji ittifaqa çevirmək potensialına malik olmaq baxımından da diqqət çəkir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin