Procter & Gamble və AFFA tərəfdaşlığa başlayır


Digərləri 07 Sen 2018 11:00:00 268 0

Procter & Gamble və AFFA tərəfdaşlığa başlayır

Sağlam nəsillərin yetişdirilməsini qarşıya məqsəd qoyaraq, idman və idmançıların hər zaman yanında olmağı özünə borc bilən "Procter and Gamble" (P&G) Azərbaycanda idmana dəstək məqsədli daha bir addıma imza atıb. Daha doğrusu, imza atacaq. Yaxın günlərdə P&G şirkəti ilə AFFA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq.

Tərəfdaşlıq barədə P&G və AFFA artıq razılığa gəlib. Müqavilə milli komandamızın UEFA Millətlər Liqası və Avropa Çempionatının seçmə mərhələsi oyunlarını əhatə edəcək.

UEFA Millətlər Liqası milli komandalar üçün nəzərdə tutulmuş yeni yarışdır. Turnir mövcud beynəlxalq yarış təqvimi çərçivəsində iki ildən bir təşkil olunacaq və ilk yarış 2018/19 mövsümündə keçirilir. Yarışın məqsədi milli komandaların futbolunun davamlı uğuruna nail olmaq və daha rəqabətli oyunların keçirilməsini təmin etməkdir. Hər bir oyunun həlledici olduğu kompakt formatda komandalardan bütün qarşılaşmalara diqqətli yanaşma tələb olunur.

D qrupunda oynayan milli komandamız sentyabrın 7-də Kosovo, oktyabrın 14-də Malta, noyabrın 17-də Farer adaları komandaları ilə Bakıda görüşəcək.

P&G və AFFA arasında tərəfdaşlıq şirkətin Azərbaycanda 20 illik fəaliyyətinə həsr edilib. Ötən 20 il ərzində ölkəmizin iqtisadi həyatına böyük töhfə vermiş P&G xalqımızın həyatına ictimai layihələri ilə təsir edə və yaxşılaşdıra bilib.