Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbir keçirilib (FOTO)


Digərləri 07 Sen 2018 10:26:00 230 0

Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbir keçirilib (FOTO)

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU) və Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Rəqabətlilik Forumu 2018” keçirilib.

Bakı. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU) və Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Rəqabətlilik Forumu 2018” keçirilib. Trend-in məlumatına görə, forumda Azərbaycan və ABŞ-ın dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələri iştirak edib. Forum çərçivəsində əsasən Azərbaycanın əlverişli biznes mühiti, biznes və investisiyaların cəlb olunması üçün atılan addımlar, maliyyə, maliyyə sektoru üzrə perspektivlər, eləcə də, enerji, infrastruktur, vergi, kənd təsərrüfatına aid bir sıra məsələlər müzakirə olunub. Forumun moderatoru, Beynəlxalq İnkişaf üzrə İş Şurasının (BCIU) vitse – prezidenti Cefri Donald Azərbaycanda belə bir miqyasda tədbirin keçirilməsini beynəlxalq ticarət və işgüzar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli hesab edib. İştirakçıları salamladıqdan sonra C.Donald açılış üçün sözü Baş nazirin birinci müavini Yaqub Eyyubova verib. Y.Eyyubov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirilib. Xüsusən də iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülüb, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması, dövlət tərəfindən kiçik və orta sahibkarlığın dəstəklənməsi məsələləri diqqət mərkəzində saxlanılıb. Bütün bu islahatlar nəticəsində Azərbaycan son illər dünyanın ən sürətli və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib. Baş nazirin birinci müavini həmçinin bildirib ki, Prezidentin göstərişi ilə qəbul edilən qərarların yüksək səviyyədə icrası sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyinin təmin olunması, rəqabət prinsiplərinə əsaslanan biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi sahəsində mühüm islahatların həyata keçirilməsinə imkan verib və bu amillər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasına səbəb olub.