Azərbaycan Millətlər Liqasında ilk oyununa çıxır


İdman 07 Sen 2018 09:45:00 228 0

Azərbaycan Millətlər Liqasında ilk oyununa çıxır

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirəcək.

Goal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakı Olimpiya Stadionunda Kosovo yığmasını qəbul edəcək. Bu, həm də 46 yaşlı mütəxəssisin millinin sükanı arxasında ilk rəsmi matçı olacaq.

2016-cı ilin mayında FİFA və UEFA-ya üzv qəbul olunan Kosovo yığması yalnız 2018-ci il dünya çempionatının seçmə mərhələsində iştirak edib. Səfərdə Finlandiyaya qarşı keçirdiyi ilk rəsmi matçda 1:1 hesablı heç-heçə edən kosovolular, təsnifat mərhələsindəki digər 9 qarşılaşmada uduzublar. Cəmi 3 qol vuran yığma, 24 top buraxıb.

Hazırda FİFA reytinqində Azərbaycan millisi 1207 xalla 105-ci, Kosovo yığması isə 1080 xalla 141-ci yerdədir.

İlk dəfə təşkil olunan Millətlər Liqası AVRO-2020-yə vəsiqə qazanmaq üçün əlavə, eyni zamanda əla şansdır. Çünki UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. 1 – 12-ci yerlər A, 13 – 24-cü yerlər B, 25 – 39-cu yerlər C, 40 – 55-ci yerlər isə D liqasına düşüblər.

Azərbaycan millisi Kosovo, Malta və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb.

UEFA Millətlər Liqası

D liqası, III qrup

7 sentybar

20:00. Azərbaycan - Kosovo

Baş hakim: Ola Hobber Nilsen

Bakı Olimpiya Stadionu