Dırnaq qaynağı etdirən xanımlara


Digərləri 06 Sen 2018 23:45:00 534 0

Dırnaq qaynağı etdirən xanımlara

Qadınlar hər zaman gözəl görünmək istəyirlər. Bunun üçün də ataların deyimində olduğu kimi "Gözəllik ondur, doqquzu dondur", - deyib dəbin bütün yeniliklərindən istifadə etməyə çalışırlar. Son zamanların isə ən geniş yayılmış trendlərindən biri qaynaq edilən dırnaqlardır. Demək olar ki, küçədə, metroda, evdə, işdə uzun və müxtəlif rəngli, naxışlı taxma dırnaqlı xanımlarla rastlaşırıq. Amma dəblə ayaqlaşma, dəbdən də geri qalma deyən xanımlardan bəziləri ilə söhbət etdikdən sonra məlum oldu ki, onlar bu cür dırnaqlardan istifadə etdiklərinə peşman olublar.

Həmsöhbət olduğumuz Sevinc Quliyeva danışdı ki, dırnaq qaynağı etdirdikdən bir saat sonra barmaqları qaşınmağa başlayıb: "Dəhşətli qaşınma idi. Səhər oyanıb tanış həkimə zəng vurdum. Dedi geldən allergiya verib. Antihistamin tablet və krem təyin etdi. Bir-iki gün sonra qaşıntı keçdi. Amma iki həftə sonra bir barmağımda yara əmələ gəldi. Həkimə getdim. Məlum oldu ki, dırnağın mayasına infeksiya keçib. Qısası, həmin dırnağımı çıxardılar"

Aynur Mustafayeva isə söylədi ki, qaynaq etdirdikdən sonra dırnaqları heç cür uzanmır və qırılıb tökülür: "Dırnaqlarımın əvvəlki vəziyyətini bərpa etmək üçün müxtəlif müalicəvi maskalar, vannalar hazırlayıram. Bundan sonra nə qaynaq, nə də şellak elətdirəcəm".

Dırnaq qaynağının dəriyə və dırnaqlara hansı zərərləri var? Belə dırnaqlardan hər kəs istifadə edə bilərmi və hansı hallarda bu cür dırnaqların qoyulması məsləhət görülmür? Mövzu ilə əlaqədar Ailem.az-a danışan dermatoveneroloq Yaqut İsmayılova bildirdi ki, bununla bağlı ona müraciət edən xanımların sayı çoxdur: "Bir neçə gün öncə yanıma qız gəlmişdi. Vəziyyəti ağır idi. Barmaqları yaman gündəydi, dərisi tökülürdü. Gözlərinin içinə qədər qıp-qırmızı, hər yeri şişmiş, əlləri çat-çat idi və qan axırdı. Hətta həmin qaynaqları dişləri ilə qopararaq çıxarmışdı. Aseton ilə də təmizləməmişdi ki, birdən o da allergiya verər. Ona hormonal iynə təyin etdim vurduqdan sonra nisbətən yaxşılaşdı. Amma hazırda da onun müalicəsi davam etdirilir".