Suya tökülən yarım milyardın cəzası kimə kəsiləcək


Digərləri 06 Sen 2018 23:03:00 251 0

Suya tökülən yarım milyardın cəzası kimə kəsiləcək

2017-ci ili yarım milyard manatdan çox (508 milyon 350 min manat) zərər ilə başa vurmuş "Azərsu" ASC pul vəsaitlərinin hərəkətində və dövriyyə vəsaitlərində çatışmazlığın davam etdiyini açıqlayıb. ASC-nin hesabatında yer alan məlumata görə, zərərin və vəsait çatışmazlığının səbəbi su və kanalizasiya xidmətlərinin maya dəyərinin satış qiymətindən 2 dəfə yüksək olmasıdır. Belə ki, 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN olsa da, orta satış qiyməti isə 0.74 AZN olub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, məsələni şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, burada söhbət müəyyən qədər suyun güzəştli şərtlərlə əhaliyə satılmasından gedirsə, zərəri əhəmiyyətli dərəcədə artıran əsas faktor "Azərsu" ASC-nin qeyri-şəffaf fəaliyyətidir: "Çünki davamlı olaraq bu qurumun fəaliyyətində korrupsiya risklərinin yüksək olduğunu və korrupsiya elementlərini görürük. Bu isə son nəticədə qurumun zərərlərini daha da artıran faktora çevrilir".

"Gələcəkdə bu istiqamətdə konkret addımların atılması nəzərdə tutulursa, ilk addım "Azərsu" ASC-nin fəaliyyətinin şəffaflaşdırılması olmalıdır ki, dövlət büdcəsi üzərində əlavə yük formalaşdırmasın. Əminəm ki, qurumun fəaliyyəti şəffaflaşarsa, zərərin böyük bir qismi kompensasiya oluna bilər" - iqtisadçı qeyd edib.

Onun sözlərinə görə, bu göstəricilər fonunda suyun qiymətinin artımına gedilməsi mümkündür: "Amma bir məsələni vurğulamaq lazımdır ki, adətən Azərbaycanda məsələnin həllinin birtərəfli yolunun tapılması tendensiyası olur. Düşünürəm ki, bu, belə olmamalıdır. Bütün istiqamətlərdə məsələnin həllinə kompleks yanaşma ortaya qoyulmalıdır".

"Xərclər çoxdursa, birincisi xərclərin strukturu təhlil olunmalı və burada xərcləmə prosesindəki şəffaflıq və korrupsiya elementləri göz önünə gətirilməlidir. Sadəcə zərəri kompensasiya edək, dövlət üzərindən yükü götürək deyə birbaşa qiyməti müvafiq formada indeksləşdirib artırmaq düzgün yanaşma deyil" - R.Həsənov vurğulayıb.

Ekspertin qənaətincə, ilk növbədə real dəyərin tapılmasına gedilməlidir: "Yəni nə üçün bu xərclər çoxdur, nə üçün qurumun fəaliyyəti zərərlidir. Təhlillərdən sonra mümkündür ki, bununla bağlı bir qərar qəbul edilsin. Əslində prosedurlar belə olarsa, daha effektiv nəticəni əldə etmək mümkündür. Gələcəkdə mərhələli şəkildə suyun qiymətlərinin real dəyərə çatıdırılması istiqamətində addımlar atıla bilər".