Azərbaycan məhsullarının Çinə ixracı genişlənir


Digərləri 06 Sen 2018 16:31:00 283 0

Azərbaycan məhsullarının Çinə ixracı genişlənir

Azərbaycan məhsullarının Çinə ixracına dair danışıqlar aparılıb.

Bakı. Azərbaycan məhsullarının Çinə ixracı genişlənir. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Biznes Mərkəzində nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair mətbuat konfransında bildirilib. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi, Azərbaycan məhsullarının Çin bazarlarına çıxarılması, ixracın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əlaqələrin inkişafı sahəsində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan sahibkarlarının “6-cı Çin-Avrasiya” sərgisində iştirakı da belə tədbirlərdəndir. Avqustun 29-dan sentyabrın 2-dək davam edən sərgidə Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsulları ”Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunub. 21 Azərbaycan şirkətinin təmsil olunduğu sərgidə Azərbaycan məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. KİV nümayəndələrinin diqqətinə çatdırıb ki, sərgi çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracına dair danışıqlar aparılıb. Belə ki, Göygöl Şərab Zavodu və Çin şirkətləri arasında müzakirələr aparılıb, “Ayan” şirkəti ilə Sincan Ticarət Kommersiya şirkəti ilə 4,5 ton Azərbaycan limonadının ixracına dair razılığa gəlinib. Azərbaycanın “Gilan” şirkəti Çinin “Fenglian” şirkəti ilə müxtəlif növ kompot və meyvə şirələrinin satışına dair razılıq əldə edib. Azərbaycanda istehsal olunan bir çox məhsullar kimi, zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağının Çinə ixracına dair “Azərsun Holding” şirkəti ilə razılığa gəlinib. Bundan başqa, Çinin “İxlas” distribüter şirkəti ilə Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan “Konfiron” MMC arasında danışıqlar aparılıb və ilkin razılaşma əldə olunub. Çinin “Hans Zhou”, “TİAN SHENG HOLDİNGS”, “BEİJİNG REVİEW” kimi şirkətləri isə Azərbaycan fındığına böyük maraq göstərib və bu şirkətlərlə “Azhazelnut” şirkəti arasında ixraca dair danışıqlar aparılıb. Azərbaycanın “Eco-Dry” şirkəti isə alma qurusunun ixracına dair anlaşıb. Sərgi çərçivəsində ümumilikdə 14 razılıq əldə olunub.