Hökumətin kartofla bağlı qərarı kimin xeyrinədir?


Digərləri 06 Sen 2018 12:03:54 242 0

Hökumətin kartofla bağlı qərarı kimin xeyrinədir?

Nazirlik deyir bu qərar dəllallara zərbə olacaq.

Nazirlər Kabinetinin kartof idxalına tətbiq etdiyi və gömrük tarif dərəcələrinin artırılması ilə bağlı qərarı ölkəyə xaricdən kartof idxalına qadağa qoyulması demək deyil.

Son.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Nazirlər Kabinetinin kartof idxalına tətbiq etdiyi yeni gömrük tarif dərəcələri ilə bağlı suallara aydınlıq gətirərkən deyib.

Kartofa gömrük rüsumu artırıldı - Bu qərar qiymətə təsir edəcəkmi? - VİDEO  Nazirliyin sözçüsü fikirlərini belə əsaslandırıb: "Tarif dərəcəsinin artırılması birincisi, ərzaqlıq kartofa şamil edilib, ikincisi, iki aylıq müddəti əhatə edir, üçüncüsü, toxumluq kartofa aid deyil, dördüncüsü, daxili bazarı qorumaq, beşincisi yerli istehsalı dəstəkləmək, altıncısı, fermerlərin maraqlarını müdafiə etmək məqsədi daşıyır. Ölkədə kartof istehsalının həcmi daxili tələbatı tam təmin etməyə imkan verir, hətta daxili tələbatdan daha çox kartof istehsal olunur. Qonşu İran və Türkiyədə milli valyutaların dəyərdən düşməsi ixracatı stimullaşdırıb, sahibkarlar məhsullarını xarici bazarlarda satmağa üstünlük verirlər. Daha doğrusu, buna məcbur qalırlar. Milli valyutası sabit olan Azərbaycan bazarı İran və Türkiyədən olan kənd təsərrüfatı məhsulları ixracatçıları üçün cəlbedicidir, lakin Azərbaycan bazarına maraq yerli istehsalçıların maraqlarına ziddir. Dövlətin də vəzifəsi, ilk növbədə, yerli istehsalçıların maraqlarını müdafiə etməkdir və Nazirlər Kabinetinin qərarı da buna xidmət edir. Yəni fermer aylarla əziyyət çəkib kartof becərir, İran və Türkiyədən kartof idxalı isə onların əziyyətini heçə endirir".

V.Hüseynov qeyd edib ki, problem təkcə xaricdən kartof idxalı ilə bağlı deyil: "Əsas problem vasitəçilərdə, fermerdən sahədə məhsulu su qiymətinə alıb bazarlarda od qiymətinə satan dəllallarda, işbazlardadır. Onlar İrandan ucuz kartof gətirməklə yerli istehsalçını fakt qarşısında qoyur və sonra da məhsulunu dəyər-dəyməzinə satın alır. Nazirlər Kabinetinin qərarı isə vasitəçilərin qarşısında fermerin əlini daha da gücləndirmiş olur, vasitəçilər artıq fermeri xaricdən ucuz kartof gətirərək "qiyməti öldürmək"lə hədələyə bilmirlər".