Nəsimi festivalı sayəsində Bakı incəsənət və poeziya vasitəsilə mənəviyyat axtarışının mərkəzinə çevriləcək


Digərləri 06 Sen 2018 10:32:55 300 0

Nəsimi festivalı sayəsində Bakı incəsənət və poeziya vasitəsilə mənəviyyat axtarışının mərkəzinə çevriləcək

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, festival şairin fəlsəfi baxışlarını əks etdirən "Simadan - asimana" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm..." şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.

Layihə beynəlxalq miqyasda dünya şöhrətli ifaçılar, filosoflar, müasir cəmiyyətdə mənəviyat haqqında yazan alimlər, həmçinin peşəkarlar, həvəskarlar və gənclərin, o cümlədən interaktiv olaraq geniş tamaşaçı kütləsinin iştirakı ilə reallaşdırılacaq.

Nəsimi festivalı sayəsində Bakı incəsənət və poeziya vasitəsilə mənəviyyat axtarışının mərkəzinə çevriləcək. Eyni zamanda qeyd etmək istərdik ki, festival təkcə Nəsimi poeziyasının şairin yaradıcılığı, müxtəlif incəsənət növləri və onların harmoniyası vasitəsilə tərənnümü və əbədiləşdirilməsinə yönəlməyib, biz həm də müasir dünyada ən aktual mənəvi suallara cavab tapmaq istəyirik. Festival Nəsiminin bu günümüzdə təcəssüm etdirilmiş fəlsəfi ideyalarını göstərmək niyyətindədir. Nəsiminin şeirləri insan gözəlliyini və idrakını tərənnüm edirdi, şəxsiyyətin hər növ ehkamlardan və şərtilikdən qurtulmağına xidmət edirdi və insanın ali təyinatını və onun imkanlarının hüdudsuzluğunu vurğulayırdı. Ona görə də festival böyük maraq doğuracaq, çünki fərqli maraqları olan insanlara yönəlib.

Festivalın əlaqələndiricisi Cahangir Səlimxanov Trend-ə müsahibəsində bildirib ki, festivalın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır:

"Nəsiminin yaradıcılığı unikaldır, onun poeziyası təkamülə və kamilliyə çağırır və dünyanın, həyatın, insanın dünyadakı yerinin fəlsəfi mənaları ilə zəngindir. Çünki insan Tanrının ən mükəmməl əsəridir. Təbiət, dünyanı əhatə edən gözəllik, mərhəmət - bütün bunlar şairi həyatı və kainatı dərk etməyə ruhlandıran mənbələrdir".

Qeyd edək ki, ilk dəfə olaraq bu cür möhtəşəm festival tamaşaçılar üçün bilet və dəvətnamələrlə yox, yalnız www.nasimifestival.live rəsmi saytında qeydiyyatdan keçməklə baş tutacaq. Bu saytda layihə barədə daha ətraflı öyrənmək olar. Ona görə də saytda qeydiyyatdan keçmək lazımdır, bu, həm də tədbirlərə giriş bileti olacaq.

C.Səlimxanov deyib ki, festivalı ənənəvi olaraq müsabiqə və mükafatlarla keçirmək planlaşdırılır: "Ona görə də bizə tamaşaçıların maraq dairəsini bilmək maraqlı olardı. Çox böyük tamaşaçı axını gözlənilir, çünki bu, inanılmaz festival olacaq və qonaqlarda çox böyük təəssürat yaradacaq. Belə bir tədbir Azərbaycanda, hətta bütün dünyada olmayıb!"

Festivalın proqramı

Festivalın ilk günü iştirakçılar şairin doğulduğu Şamaxı şəhərində İmadəddin Nəsiminin qardaşı Şaxəndanın və görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığını, Qafqazda ən qədim məscidlərdən olan, 743-cü ildə inşa edilmiş Cümə Məscidini, Avaxıl kəndindəki Pir Ömər məbədini və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər.

Şamaxıda Nəsiminin heykəli önündə şeir-musiqi məclisi, həmçinin Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsi çərçivəsində keçirdiyi, İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş ədəbi müsabiqənin qaliblərinin iştirakı ilə tədbir təşkil olunacaq. Müsabiqəyə gənc şairlər Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim ediblər. Festival çərçivəsində, həmçinin muğam və mənəviyyata səsləyən musiqilər ifa olunacaq.

Şamaxının Meysəri kəndində "Həssas Dəb" adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı da keçiriləcək. "Baku" jurnalının son bir neçə ildə "Eko. Dəb marşrutu" ("ЭКО. Модный маршрут") başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair məlumat və maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edəcək. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunacaq. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentli bəzəklərlə işlənmiş geyimlər nümayiş etdiriləcək.

Daha sonra AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında "Ulduzlar önündə" adlı akustik və elektron musiqi axşamı keçiriləcək. Proqramda Sahib Paşazadə, İrşad Hüseyn (Azərbaycan), Əli Phi (İran), Sati Kazanova (Rusiya), Rabih Beaini (Livan/Almaniya), Əbdül Kərim (Livan), "Hanoy" dueti: Nquen Le (Vyetnam/Fransa) və Nqo Honq Quanq (Vyetnam), Görkem Şen (Türkiyə), "Ar Berd" dueti (Fransa) iştirak edəcəklər.

Sentyabrın 28-də isə Bakıda, Heydər Əliyev Mərkəzində almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hessin "Nəsiminin müasir kontekstlərdə dərk edilməsi" mövzusunda mühazirəsi keçiriləcək.

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş "Canlı həyat" ("Live Life") sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıda Heydər Əliyev Mərkəzində təqdim olunacaq. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.