Azərbaycanın bəzi yollarında yenidən


Digərləri 06 Sen 2018 07:52:00 248 0

Azərbaycanın bəzi yollarında yenidən

Avqust ayı ərzində Azərbaycanın bəzi avtomobil yollarında yeni sürüşmə sahələri yaranıb, mövcud sürüşmə sahələrinin ölçüləri genişlənib, bəzi yollarda isə uçqun prosesləri baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, avqust ayı ərzində Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində uçqun-töküntü prosesləri, 27-29-cu kilometrliyində olan sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilib, yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri qeydə alınıb.

Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyindəki sürüşmə sahəsində isə yamac hissədə uçqun prosesləri və yeni çatlar qeydə alınıb.

Nazirlik rəsmisi əlavə edib ki, Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında aktivlik olub, yolun hərəkət hissəsində çökmə qeydə alınıb.

Ə.Qaralov əlavə edib ki, Lənkəranın Gəgiran kəndində sürüşmə sahəsinin parametrləri genişlənib. Lənkəranın Tükəvilə-Diryan-Gəgiran yolunun 12-ci kilometrliyində nisbi aktivləşmə, yolun hər iki çiynində çökmə-oturma prosesləri olub. Bununla yanaşı, Masallı-Yardımlı yolunun 13-15, 7-16- 24-25, 4-26-cı kilometrliyində yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yolun yamac hissəsində yeni lokal sürüşmə prosesləri əmələ gəlib.

Ekspedisiya rəisi Cəlilabad-Cəngan-Soltankənd yolunun 17-ci kilometrliyindəki mövcud sürüşmə sahəsində nisbi aktivliyin müşahidə edildiyini söyləyib.