Azərbaycanın bəzi yollarında yenidən sürüşmə və uçqun prosesləri aktivləşib


Digərləri 06 Sen 2018 07:40:00 261 0

Azərbaycanın bəzi yollarında yenidən sürüşmə və uçqun prosesləri  aktivləşib

Avqust ayı ərzində Azərbaycanın bəzi avtomobil yollarında yeni sürüşmə sahələri yaranıb, mövcud sürüşmə sahələrinin ölçüləri genişlənib, bəzi yollarda isə uçqun prosesləri baş verib.

Bakı. İlhamə İsabalayeva - Avqust ayı ərzində Azərbaycanın bəzi avtomobil yollarında yeni sürüşmə sahələri yaranıb, mövcud sürüşmə sahələrinin ölçüləri genişlənib, bəzi yollarda isə uçqun prosesləri baş verib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, avqust ayı ərzində Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində uçqun-töküntü prosesləri, 27-29-cu kilometrliyində olan sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilib, yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri qeydə alınıb. Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyindəki sürüşmə sahəsində isə yamac hissədə uçqun prosesləri və yeni çatlar qeydə alınıb. Nazirlik rəsmisi əlavə edib ki, Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında aktivlik olub, yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Ə.Qaralov əlavə edib ki, Lənkəranın Gəgiran kəndində sürüşmə sahəsinin parametrləri genişlənib. Lənkəranın Tükəvilə-Diryan-Gəgiran yolunun 12-ci kilometrliyində nisbi aktivləşmə, yolun hər iki çiynində çökmə-oturma prosesləri olub. Bununla yanaşı, Masallı-Yardımlı yolunun 13-15, 7-16- 24-25, 4-26-cı kilometrliyində yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yolun yamac hissəsində yeni lokal sürüşmə prosesləri əmələ gəlib.