Çətin hamiləlik uğurla başa çatdırılıb


Digərləri 05 Sen 2018 21:59:00 260 0

Çətin hamiləlik uğurla başa çatdırılıb

Azərbaycan Tibb Universitetində (ATU) çətin hamiləlik uğurla başa çatdırılıb. On illik evlilik həyatı boyu 12 dəfə hamiləliyi yarıda kəsilmiş 30 yaşlı qadın ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri sayəsində ilk dəfə analıq sevincini yaşayıb.

Tibb Universitetindən Son.az-a bu barədə məlumat verilib. Bildirilib ki, klinikanın I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundovanın sözlərinə görə, xəstə ilk hamiləliyini 16-cı, qalan hamiləliklərini isə 7-8-ci həftələrə qədər davam etdirə bilib. Qadının sonrakı bütün hamiləliklərində döl inkişafdan qalıb. Xəstəyə 2013-cü ildə İranda ikibuynuzlu uşaqlığın rekonstruktiv əməliyyatı olunmasına baxmayaraq, cərrahi müdaxilədən sonra da iki döl inkişafdan qalıb. Tələf olan embrionların yalnız birinin kariotip müayinəsi aparılıb və kariotipin 46XX olması müəyyən olunub. Həkim xəstənin bundan əvvəl Moskvada da müayinə olunduğunu bildirib.

N.Axundovanın dediyinə görə, Tibb Universitetinin həkimlərinin köməyi ilə hamilə qaldıqdan sonra qadına nəzarət gücləndirilib, hamiləlik aşağı molekul çəkili heparinin yüksək profilaktik dozası ilə aparılıb. Hamiləlik zamanı düşük, vaxtından qabaq doğuş, hamiləlik hipertenziyası, dölyanı mayenin vaxtından əvvəl axması, simptomsuz bakteriyauriya kimi bir sıra təhlükələrin qarşısı vaxtında alınıb, hamilə daha ciddi nəzarət üçün hospitalizasiya olunub. Onun müalicəsi stasionar şəraitində davam etdirilib: "Hamiləliyin 29-cu həftəsindən hospitalizasiya olunan qadın hamiləliyi 34 həftəsinə qədər çatdıra bilib. Dölün doppler müayinəsindəki dəyişikliklərə və bətndaxili inkişaf ləngiməsinə görə döl kesar kəsiyi əməliyyatı ilə xaric olunub".