Allahşükür Paşazadə: ""Aşura" günü uşaqların məscidlərə gəlməsi məqsədəuyğun deyil"


Digərləri 05 Sen 2018 21:44:00 235 0

Allahşükür Paşazadə: ""Aşura" günü uşaqların məscidlərə gəlməsi məqsədəuyğun deyil"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Lənkəran Şəhər və Masallı Rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirələrdə "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda müzakirələr aparılıb.

Komitədən Son.az-a verilən məlumata görə, tədbirlərdə DQİDK-nin, QMİ-nin məsul işçiləri, dini icma sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Lənkəranda keçirilən seminar-müşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.

T.Qaraşov Lənkəranda dini zəmində heç bir problemin olmadığını, məscidlərdə dini mərasimlərin keçirilməsi üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

DQİDK-nin sədri Mübariz Qurbanlı çıxışında İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışıb, İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət-ənənələrimizdə, həyat tərzimizdə dərin izlər buraxdığını bildirib.

Qeyd olunub ki, hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır. Ölkəmizdə də İslam dini ilə bağlı mərasimlər formalaşıb. Bu mərasimlərin icrasında müəyyən dəyişikliklər olsa da, onların əsas məzmunu qalmaqdadır.

Azərbaycanda milli ruhun yüksəlməsində ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edən komitə sədri dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli liderin ölkəmizdə formalaşdırdığı azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.

İslam ölkələrində dövlət-din münasibətlərinin müxtəlif formalarda olduğunu söyləyən M.Qurbanlı Azərbaycanda bu münasibətlərin dünyəvilik prinsiplərinə söykəndiyini, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dini mərasimlərini azad şəkildə icra etdiyini, onların arasında dünyəvilik prinsiplərinə əsaslanan tarazlığın qorunub saxlandığını diqqətə çatdırıb.