Yaratdığı komik və dramatik rollarla yaddaşlarda yaşayan aktyor


Kriminal 05 Sen 2018 21:07:00 298 0

Yaratdığı komik və dramatik rollarla yaddaşlarda yaşayan aktyor

Onun milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələri, çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla xarakter səviyyəsinə qaldırdığı obrazları incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. Əvəzolunmaz sənətkarın təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələri bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirilib. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda, onu düşündürməyi bacarıb. Xalq artisti, unudulmaz sənətkar Siyavuş Aslan yaratdığı obrazlarla cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilib.

Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan görkəmli aktyor zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Siyavuş Aslanın anadan olmasının 83-cü ildönümü tamam olur.

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958-1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb. O, həmişə səhnədə öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə edib, çıxışlarını teatrsevərlər və kinosevərlər üçün estetik zövq mənbəyinə çevirməyi bacarıb.


Xəbərə aid fotolar