Azərbaycanla Qazaxıstan arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq istiqamətləri müzakirə olunub


Digərləri 05 Sen 2018 20:25:07 243 0

Azərbaycanla Qazaxıstan arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq istiqamətləri müzakirə olunub

Sahil Babayevlə Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Madina Abılkasımova arasında görüş olub.

Bakı. Astana şəhərində (Qazaxıstan) keçirilən regional konfransda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Madina Abılkasımova arasında görüş olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, S.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə dayanıqlı inkişafın təmin edildiyini vurğulayıb. Nazir ölkəmizdə sosial sahədə əldə olunan nailiyyətləri, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının icrası sahəsində görülən işləri diqqətə çatdırıb. O, pensiya və müavinətlər, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sistemlərinin təkmilləşdirilməsi, bu sahələrdə avtomatlaşdırılmış, tam şəffaf, müasir idarəçilik və xidmət mexanizmlərinin qurulması, xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması yönündə aparılan islahatlar barədə məlumat verib. Sosial cəhətdən həsas qrupların, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının diqqətdə olduğunu bildirən S.Babayev qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında ötən dövrdə əmək və sosial müdafiə sahəsində formalaşan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədəuyğundur. Aktual iş sahələrində həyata keçirilən islahatlarla, eləcə də əmək bazarı, məşğulluq və s. sahələrdə aparılan işlərlə bağlı təcrübə mübadilələri hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı iki nazirlik arasında Memorandum layihəsi hazırlanır. “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında pensiya təminatı sahəsində Saziş” layihəsinə də hazırda baxılmaqdadır. Ümumilikdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğunu vurğualayan nazir görüş zamanı M.Abılkasımovanı ölkəmizə səfərə dəvət edib.