Şahid: "Qadın olduğu üçün Fədayə xanımın üstünü yoxlamadıq"


Digərləri 05 Sen 2018 17:28:00 277 0

Şahid: "Qadın olduğu üçün Fədayə xanımın üstünü yoxlamadıq"

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid, qarovul rəisi Taleh Yusifov bildirib ki, xidmətdə olduğu vaxtlarda Etibar Məmmədovun Ceyhun Səmədova pul verməsinin şahidi olmayıb: "Mən tam qanunla xidmətimi aparmışam. Məhbuslardan pul və ya hədiyyə almamışam. Sadəcə məhbusları yola vermişəm, bizim işimiz yola verməkdi, bu gün də yola verirəm. Hər adamın öz iş prinsipi var, mən də belə işləmişəm. Amma heç kimdən pul almamışam, heç kimlə alış-verişim olmayıb. Təlimatdan kənar heç bir iş görməmişəm. Gündə 70-80 dustaq qəbul etmişik, çətin vəziyyətdə işləmişik. Komandirimin də həmişə tövsiyəsi bu olub ki, Taleh, qanunsuz işlərdən uzaq ol. Mən heç bir məhkumdan pul almamışam və heç kimə pul verməmişəm. Niyə də verməliyəm?"

Prosesdə ifadə verən konvoy taborunun digər vəzifəli şəxsləri də şahid kimi ifadə verərək təlimata uyğun olaraq işlədiklərini deyiblər.

Digər şahid, həmin vaxt Lənkəran şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin (MSY) rəisi işləmiş Əlişir Fərəcov bildirib ki, Etibar Məmmədov məhkum olduğu vaxt ona təhvil verilib: "Ona şərait yaratdıq, ailəsi ilə danışdı. Sonra Fədayə xanım gəlib Etibarla görüşmək istədiyini dedi, razılıq vermədim. O, cəmiyyətdə tanınmış adam olduğunu, rəislə görüşmək istədiyini dedi. Rəislə danışandan sonra onun tapşırığı ilə görüş təşkil etdik. Qadın xeylağı olduğuna görə Fədayə xanımın üstünü yoxlamadıq".

Hakim bildirib ki, MSY-də F. Laçın üzərində keçirdiyi telefonla Etibar Məmmədovla şəkillərini çəkib.

Şahid isə bildirib ki, telefondan və aparılan çəkilişdən xəbəri olmayıb: "Bizim polis rəisi İslam Hümbətov daxili telefonla mənə dedi ki, Etibarın işinə Lənkəranda baxılmayacaq, onun əvəzinə başqa 2 dustaq qəbul edəcəyik. Ona görə də mən siyahıya Etibarın adını yazmadım. Etibarı bizə təhvil vermək istəyəndə hakim Asim Hacıyevin köməkçisi Tofiq Tağıyevlə danışıb dəqiqləşdirmək istədim. Tofiq dedi ki, Etibarın gəlməyi lazım deyil. İslam müəllim sonra mənə dedi ki, Etibarı şöbəyə gətirin, sonra da axşam Bakıya yola salın getsin. Biz də onu qəbul etdik, onda da yoxladıq, yola salanda da yoxladıq. Etibarın üzərində pul və ya hər hansı qanunsuz əşya olmayıb".

Hakim bildirib ki, E. Məmmədov Lənkəran və Astara MSY-lərdə olarkən özünün şəxsi telefonundan istifadə edərək başqa şəxslərlə danışması barədə cinayət işinin materialları arasında sübutlar var: "Etibar Aqil Nəcəfovla oktyabrın 21-də də 18 dəfə, 22-də 36 dəfə danışıq aparıb. Etibar həmin telefonla pəncərənin şəklini çəkərək votsapla Fədayəyə göndərib və belə bir açar lazım olduğunu deyib".

Təqsirləndirilən şəxs Ceyhun Səmədov E. Məmmədovun telefondan necə istifadə etməsindən xəbəri olmayıb: "Etibar qatara qəbul ediləndə üstü yoxlanıb. Telefon keçirməyib içəri. Qatarda necə telefon əldə etdiyini bilmirəm. Mən onda telefon görməmişəm".

Hakim qeyd edib ki, hökmdə Lənkəran Şəhər Polis Şöbəsində həmin zaman baş verən proseslə bağlı ayrıca qərar çıxarıla bilər.