Heydər Əliyev Fondunun dəstəyi ilə sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair layihənin icrasına başlanılıb (FOTO)


Digərləri 05 Sen 2018 16:57:00 284 0

Heydər Əliyev Fondunun dəstəyi ilə sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair layihənin icrasına başlanılıb (FOTO)

Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair birgə layihəsinin təqdimatı olub.

Bakı. Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair birgə layihəsinin təqdimatı olub. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir və bu sahədə işlərə may ayından etibarən başlanılıb. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır. Sahibsiz itlərlə bağlı mövcud vəziyyət, problemin təsviri, layihə çərçivəsində görüləcək işlər, təkliflər, atılan addımlar barədə məlumat verən Heydər Əliyev Fondunun layihə koordinatoru Sabiq Abdullayev bildirib ki, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri həyata keçiriləcək. Burada beynəlxalq norma və tələblərə uyğun qəfəslər qurulacaq. Eyni zamanda, mərkəz müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıqlar və preparatlarla təchiz olunacaq. Layihə müddətində əhalinin məlumatlandırılması məqsədilə təbliğat aksiyalarının keçirilməsi planlaşdırılır. Sosial videoçarxların, animasiya filmlərinin çəkilişi, veb-saytın yaradılması, ictimai tədbirlər, sərgilər və s. keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, problemin həllinə dair əhalinin mövqeyini öyrənilməsi məqsədilə sosial sorğu da keçiriləcək. S.Abdullayev sahibsiz itlərin tutulduqdan sonra mərkəzə yerləşdiriləcəyini, burada müəyyən müddət ərzində saxlanılacağını, müayinədən keçiriləcəyini, sterilizasiya və peyvənd olunacağını, onlara mikroçip yerləşdiriləcəyini də diqqətə çatdırıb. Bu mərhələlərin ardınca müəyyən müddət keçdikdən (karantindən) sonra sağlam sahibsiz itlər sərbəst buraxılacaq. Mərkəzin gələcək fəaliyyəti sahibsiz itlərlə bağlı aparılan monitorinqə əsaslanacaq. Gələcəkdə mərkəzə gün ərzində 30-dan 50-dək sahibsiz itlərin tutulub gətirilməsi planlaşdırılır. Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri başlanıldığından hazırda burada olan heyvanlar müvəqqəti olaraq IDEA Heyvanlara Qayğı Mərkəzində saxlanılacaq. Ağır yaralı, müalicələri mümkün olmayan, əhali üçün aqressiv və təhlükəli olan sahibsiz itlərin isə sivil qaydada zərərsizləşdiriləcəyi nəzərdə tutulur.