Şahin Mustafayev: Azərbaycan Prezidentinin Rusiyaya səfəri əməkdaşlığın bütün istiqamətlərdə inkişafına mühüm töhfə verəcək


Digərləri 05 Sen 2018 14:31:00 230 0

Şahin Mustafayev: Azərbaycan Prezidentinin Rusiyaya səfəri əməkdaşlığın bütün istiqamətlərdə inkişafına mühüm töhfə verəcək

Azərbaycan Prezidentinin Rusiyaya səfəri əməkdaşlığın bütün istiqamətlərdə inkişafına mühüm töhfə verəcək.

Bakı. Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri keçirilib, ölkələrimiz arasında müxtəlif sahələrdə 17 sənəd imzalanıb, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan-Rusiya əlaqələrinin kompleks inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən bu səfər iqtisadi sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində də mühüm önəm daşıyır. Trend iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin müsahibəsini təqdim edir: - Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına rəsmi səfərini ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımdan necə səciyyələndirərdiniz? - İlk növbədə, qeyd etmək istərdim ki, Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və prezidentlərin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir. Son üç ayda Azərbaycan və Rusiya prezidentləri 3 dəfə görüşüb. Bütün bunlar isə, dövlət başçılarının qarşılıqlı əməkdaşlığın genişlənməsinə verdikləri böyük önəmin göstəricisidir. Siyasi əlaqələrin strateji xarakteri, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına sentyabrın 1-də reallaşdırılan növbəti rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının gələcək inkişafı üçün möhkəm əsas yaradır. Səfərin 2008-ci ildə Azərbaycan və Rusiya arasında imzalanmış dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin 10 illiyinə təsadüf etməsi xüsusilə qeyd olunmalıdır. Rusiya səfərinin başlıca xüsusiyyətlərindən biri də onun daha çox iqtisadi mahiyyət daşımasıdır. Belə ki, səfər zamanı Azərbaycan-Rusiya əməkdaşlığının müxtəlif istiqamətləri ilə yanaşı, iqtisadi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənədlər imzalanıb. Bu sənədlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat” xüsusilə vurğulanmalıdır. Sənəddə qarşılıqlı faydalı ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafı üçün ticarətdə daha əlverişli şəraitin yaradılması, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Rusiya-Azərbaycan hissələrində tranzit-nəqliyyat potensialının artırılması, milli iqtisadiyyatın və ixracın şaxələndirilməsi, innovasiyalı inkişaf sahəsində məsələlərin həlli üçün perspektiv sahələrdə və sektorlarda birgə istehsalın yaradılması, dövlət idarəçiliyi sahəsində innovativ yanaşmaların, büdcə-vergi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə birgə fəaliyyətin inkişafı, dövlət sektorunda istifadə üçün qabaqcıl proqram təminatının tətbiqi üzrə təcrübə mübadiləsi və əməkdaşlıq, gənclər siyasəti, təhsil, idman və turizm məsələləri daxil olmaqla humanitar sahədə əməkdaşlığın genişləndirilməsi kimi mühüm prioritetlər müəyyənləşdirilib. Birgə Bəyanatda əksini tapan inkişaf istiqamətləri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsində iqtisadi əməkdaşlığın rolunu və əhəmiyyətini artıracaq, iqtisadi-ticari əlaqələrin müasir tələblərə cavab verən yeni inkişaf səviyyəsinə yüksəldilməsinə zəmin yaradacaqdır. Bununla yanaşı, səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək Əməkdaşlıq Proqramı”, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi haqqında Saziş”, eləcə də turizm, gömrük, idman, rəqəmsal nəqliyyat, əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti, Rusiyanın müvafiq dövlət şirkətləri və SOCAR arasında əməkdaşlığın genişləndirilməsi, mülki vertolyotlara texniki xidmət göstərilməsi barədə müvafiq sənədlər Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin genişlənməsinə əlavə stimul verəcəkdir. Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına rəsmi səfəri zamanı Rusiyanın “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs arasında qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi də imzalanıb. Sənəddə kiçik və orta biznes (KOB) subyektlərinə informasiya-marketinq dəstəyinin göstərilməsi sahəsində əməkdaşlıq, kontakt birjaların təşkili, təcrübə, maliyyə-sığorta və marketinq dəstəyi, təlim proqramları, eləcə də digər istiqamətlər üzrə tədbirlər barədə məlumat mübadiləsi nəzərdə tutulur. Bundan əlavə, yol xəritəsinə əsasən, Rusiya və Azərbaycanda KOB sahəsində fəaliyyət göstərən istehsal birlikləri və assosiasiyaları, inkişaf institutları arasında qarşılıqlı məsləhətləşmələrin aparılması və əməkdaşlığın qurulmasına dəstək göstəriləcəkdir. - Səfər zamanı imzalanmış “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı” özündə 5 yol xəritəsini əks etdirir. Bu barədə məlumat verməyinizi xahiş edirik. - Həmin Fəaliyyət Planına uyğun olaraq, bu yol xəritələri ticarət, nəqliyyat, Azərbaycan ərazisində birgə istehsalın yaradılması, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahələrində qarşılıqlı fəaliyyəti və humanitar sahədə əməkdaşlığı nəzərdə tutur. Azərbaycan və Rusiya arasında ticarətə dair yol xəritəsinə əsasən, ticari-iqtisadi əməkdaşlıq üzrə məsləhətləşmələr aparılacaq, kənd təsərrüfatı məhsullarının tədarükü artırılacaq, qarşılıqlı ticarət missiyaları həyata keçiriləcək, Rusiyanın dövlət şirkətləri tərəfindən Azərbaycan istehsalı olan sənaye təyinatlı məhsulların alınması genişləndiriləcək, Rusiya ərazisində Azərbaycan Ticarət evləri açılacaq, hər iki ölkənin İşgüzar şuraları, həmçinin digər sahibkar birlikləri arasında biznes-dialoq dəstəklənəcək, birgə regionlararası forumlar, kənd təsərrüfatı üzrə Azərbaycan-Rusiya İşçi Qrupunun iclasları keçiriləcək. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üzrə yol xəritəsində ölkələrimizin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə qarşılıqlı fəaliyyəti, Azərbaycan və Rusiya ərazilərində logistik mərkəzlərin yaradılması, “Yaraq-Qazmalar” avtomobil buraxılış məntəqəsinin buraxılış qabiliyyətinin artırılması üçün yenidənqurma işlərinin aparılması, Azərbaycan-Rusiya dövlət sərhədindən “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) - “Samur” (Azərbaycan Respublikası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə dair Sazişin icrası nəzərdə tutulur. Azərbaycan ərazisində birgə istehsalın (layihələrin) yaradılması üzrə yol xəritəsində əczaçılıq, avtomobillərin yığılması, neft-qaz sahəsi üçün avadanlığın birgə istehsalının təşkili, kənd təsərrüfatı texnikasının istehsalı sahələrində birgə istehsalın və müəssisələrin yaradılması, eləcə də dəmir yolu vaqonlarının birgə istehsalının yaradılması imkanlarına baxılması məsələləri əksini tapıb. Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi vahid ƏDV depozit hesabından istifadə və subhesabların idarə edilməsi təcrübəsinin öyrənilməsi, kommersiya hüquqi şəxslərinin elektron dövlət qeydiyyatı, elektron faktura və qaimələrin istifadəsi, həmçinin vergi borcunun alınması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım məsələləri üzrə Anlaşma Memorandumu layihəsi ilə bağlı danışıqların aparılması məsələlərini əhatə edir. Qarşılıqlı səfərlərin və humanitar əlaqələrin genişləndirilməsi üzrə yol xəritəsinə əsasən miqrasiya sahəsində əməkdaşlıq üzrə tədbirlər görüləcək, pensiya təminatı sahəsində ikitərəfli əməkdaşlıq inkişaf etdiriləcək, turizm məhsulunun təşviqi üzrə milli marketinq strategiyaları hazırlanacaq və bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək, Azərbaycan və Rusiya ərazilərində keçirilən beynəlxalq turizm sərgilərində, seminarlarda və reklam-informasiya tədbirlərində qarşılıqlı iştirak təmin ediləcək, turizm sahəsində investisiya layihələrinə dair məlumat mübadiləsi aparılacaq, Rusiyanın qabaqcıl ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılması imkanları müzakirə olunacaq. Beləliklə, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın həyata keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək. - Energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi də Rusiyada keçirilən görüşlərdə əsas müzakirə mövzularından olub. - Tamamilə doğrudur. Energetika sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı xüsusi diqqət göstərilən məsələlərdəndir. Artıq qeyd olunduğu kimi səfər zamanı “Rosneft” Neft Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi, “Qazprombank” Səhmdar Cəmiyyəti, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında sazişlər və “Rosneft” Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında müqavilə imzalanıb. Bu sənədlər SOCAR-ın Rusiyanın neft-qaz şirkətləri ilə səmərəli və uzunmüddətli əməkdaşlığını nəzərdə tutur. Bununla yanaşı, dövlət başçılarının görüşlərində hər iki ölkənin energetika sistemlərinin paralel rejimdə fəaliyyət göstərdiyi qeyd olunub. Görüşlərdə Azərbaycan və Rusiya enerji sistemləri arasında 330 kVt-luq ikinci dövlətlərarası “Yaşma-Dərbənd” elektrik verilişi xəttinin tikintisi məsələsi müzakirə olunub. Bu, mövcud elektrik verilişi gücünü 600 mVt-dək artırmağa imkan yaradacaq və Rusiya-Azərbaycan-İran enerji dəhlizinin inkişafına töhfə verməklə, Azərbaycan və Rusiyanın enerji təhlükəsizliyinə xidmət edəcək. - Dövlət başçılarının görüşlərində nəqliyyat-tranzit sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı mühüm istiqamətlərdən biri kimi qeyd edilib. - Azərbaycan Respublikası Prezidentinin Rusiyaya səfəri zamanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin region üçün əhəmiyyəti, tranzit və yükdaşımaların həcminin artmasında önəmi xüsusilə vurğulanıb. Belə ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və bu baxımdan əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq məqsədilə nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm işlər görülür. Azərbaycan və Rusiya arasında avtomobil, dəmir yolları və hava nəqliyyatı ilə sərnişin və yükdaşımalar həyata keçirilir.