Nüfuzlu beynəlxalq konfrans 35 il sonra yenidən Azərbaycanda


Digərləri 05 Sen 2018 13:50:00 208 0

Nüfuzlu beynəlxalq konfrans 35 il sonra yenidən Azərbaycanda

Bakıda avtomatika və robotika sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan Avtomatik Nəzarət üzrə Ümumdünya Təşkilatının - IFAC-in (IFAC - International Federation of Automatic Control) beynəlxalq konfransı keçiriləcək.

Son.az xəbər verir ki, 13-15 sentyabr 2018-ci il tarixlərində baş tutacaq tədbir Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı - TECIS (Technology, Culture and International Stability - Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) adlanır. Konfransda 37 ölkədən elm adamları ilə yanaşı IFAC-in prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgöwer də iştirak edəcək.

Qeyd edək ki, IFAC 12 sentyabr 1957-ci il tarixində Parisdə təsis edilmiş, 1978-ci ildən təşkilatın qərargahı fəaliyyətini Avstriya hökumətinin dəvəti və dəstəyilə bu ölkənin Laksenburg şəhərində davam etdirir. 49 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatları özündə birləşdirən IFAC il ərzində onlarla beynəlxalq tədbirlər təşkil edir. IFAC təşkilatı hal-hazırda robotikanın əsasınını təşkil edən avtomatlaşdırma və nəzarət mexanizmləri üzrə ən nüfuzlu təşkilat hesab olunur. IFAC-in strukturundakı ilk komitələrindən biri olan TECIS texniki komitəsi 1983-cü ildən fəaliyyətdədir. O vaxtdan bəri dünyanın bir çox ölkələrində 17 beynəlxalq konfrans kecirmiş komitə Bakıdakı tədbirində eyni zamanda 35 illik yubileyini qeyd etməyə hazırlaşır.

TECIS 2018 beynəlxalq konfransının təşkilində IFAC-in Azərbaycandan tərəfdaşı qismində "Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti" (Azerbaijan Robotics and Automation Society - ARAS) İctimai Birliyi çıxış edir. Cəmiyyət Vyana Texnologiyalar Universitetində faəliyyət göstərən, həmin universitetin doktorantı, həmyerlimiz Bahadur İbrahimov tərəfindən təsis edilib. Bakıda təsis edilmiş, qısa müddətdə ciddi təşkilatlanma prosesi keçmiş ARAS 3 illik yoxlama və namizədlik mərhələsini başa çatdıraraq 7 iyun 2018-ci il tarixdə IFAC üzvlüyünə qəbul edilib. ARAS-ın üzvlüyü imkan verəcək ki, bu nüfuzlu federasiyanın tərkibində azərbaycanlı alimlər də beynəlxalq konqreslərdə iştirak və çıxış etmək, səs vermək kimi hüquqlara sahib olsunlar.

Məlumat üçün bildirək ki, IFAC-in Bakıda ilk və son toplantısı 1980-ci ilin 2-6 aprel tarixlərində Sovet akademiki Trapeznikovun elmi rəhbərliyində, Ulu öndər Heydər Əliyevin diqqəti sayəsində baş tutub. 38 ildən sonra yenidən Bakıda bu nüfuzlu beynəlxalq konfransın keçirilməsində əsas məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək, ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində alimləri, mütəxəssisləri bir araya gətirməkdir.   Konfransın mövzuları avtomatik idarəetmənin özündə texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasətlə əlaqəsini əks etdirir. Qeyd edək ki, konfransda "Kiçik və orta sahibkarlıq üzrə avtomatlaşdırma", "Mexatronik sistemlər və robotlar", "Bio-tibbi sistemlər", "Avtomatlaşdırma və nəzarət mexanizmləri", "Humanoid robotlar" kimi mövzularda sessiyalar olacaq və alimlər həmin sessiyalarda ən yeni nailiyyətləri barədə məruzə və müzakirələr edəcəklər.

Əlavə edək ki, 6 iyun 2018-ci il tarixdə konfransa məqalə qəbulu başa çatıb. 370-dən çox həmmüəllif tərəfindən 200 məqalə toplanılıb. Həmmüəlliflər 37 fərqli ölkəni, o cümlədən ABŞ, Avstrialiya, Avstriya, Almaniya, İsveçrə, Rusiya, Türkiyə, Küveyt, Hindistan, Macarısrtan, İtaliya, Fransa, İrlandiya, İngiltərə və s. təmsil edir. Azərbaycanlı alimlər isə konfransa 50-ə yaxın məqalə göndəriblər.