İTV-nin saytı yeni tərtibatda hazırlanacaq


Sosial 05 Sen 2018 11:11:11 235 0

İTV-nin saytı yeni tərtibatda hazırlanacaq

Şirkət kotirovka sorğusu elan edib

İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni saytının müasir üslubda və yeni tərtibatda hazırlanması işlərinin satınalınması məqsədi ilə kotirovka sorğusu elan edib.

“Report”un xəbərinə görə, kotirovka sorğusunun iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İTV daha 4 lot üzrə tender də elan edib. Bunlar radio üçün efir və montaj studiyasının, hesablama texnikası avadanlığının, müxtəlif studiyalar üçün dekorasiyaların, mühasibat uçotu və insan resurslarının idarə edilməsi üçün proqram təminatının satınalınmalarıdır.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat iştirak haqqını göstərilən hesaba köçürməlidir.