Nazir: Azərbaycanda işçi qüvvəsinin 48,6 faizi qadınlardır


Digərləri 05 Sen 2018 10:57:00 215 0

Nazir: Azərbaycanda işçi qüvvəsinin 48,6 faizi qadınlardır

Astana şəhərində (Qazaxıstan) “Əfqanıstanda qadınların hüquq və imkanlarının genişləndirilməsi” mövzusunda regional konfrans keçirilir.

Bakı. Astana şəhərində (Qazaxıstan) “Əfqanıstanda qadınların hüquq və imkanlarının genişləndirilməsi” mövzusunda regional konfrans keçirilir. Nüfuzlu siyasətçilərin, beynəlxalq təşkilatların regional rəhbərlərinin və qadın hüquqları müdafiəçilərinin iştirak etdiyi konfransda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən S.Babayev gender bərabərliyinin təmin olunması sahəsində Azərbaycanda aparılan fəal dövlət siyasəti barədə məlumat verib. Nazir hələ 1918-ci ildə, bu il 100 illiyi qeyd edilən, İslam dünyasında ilk dünyəvi respublika olan Azərbaycan Xalq Cümhüriyyəti dövründə qadınlara seçki hüququ verildiyini diqqətə çatdırıb. S.Babayev bildirib ki, bütün sahələrdə gender bərabərliyinin təmin olunması ilə bağlı əsas beynəlxalq sənədləri ratifikasiya edən Azərbaycanda qadınlar əhalinin 50,1 faizini təşkil edir: "Ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda hər 100 təhsil alanın orta hesabla 47-si, işçi qüvvəsinin 48,6%-i, məşğul əhalinin 48,1%-i, elmi işçilərin 53,6%-i faizi qadınlardır. Seçkili, idarəetmə və məhkəmə orqanlarında qadınlar layiqincə təmsil olunurlar". Nazir vurğulayıb ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı, nəticədə bir milyondan çox qaçqın və məcburi köçkünün olması ümumən regionda sosial inkişafa, habelə qadınların sosial hüquqlarının tam təmin olunmasına ciddi maneə yaradır.