Xəyyam Mirzəzadənin oğlu: “Atam həqiqəti üzə deyən insan idi, vəzifəpərəst deyildi” FOTO


Digərləri 05 Sen 2018 10:03:00 271 0

Xəyyam Mirzəzadənin oğlu: “Atam həqiqəti üzə deyən insan idi, vəzifəpərəst  deyildi”  FOTO

Bir neçə gündən sonra tanınmış bəstəkar Xəyyam Mirzəzadənin 40 mərasimi keçiriləcək. 

Son.az xəbər verir ki, modern.az saytı bəstəkarın oğlu, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)  Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüşərək, atası ilə bağlı müsahibə alıb.

- Artıq 40 günə yaxındır ki, atanız həyatda yoxdur. İstərdik ki, Xəyyam müəllimlə bağlı düşüncələrinizi bölüşəsiniz...

- Öncə demək istərdim ki, atamın yoxluğu həm ailəmiz, həm də Azərbaycan xalqı üçün böyük itkidir. Danışmaq çox çətindir. 40 günə yaxındır ki, aramızda yoxdur. Onun həyatda olmaması övladı olaraq bizim üçün çətindir. Onu həftədə bir dəfə ziyarət etməyə alışmışdıq. Ən azı gün ərzində bir dəfə telefonla danışırdıq. Atam həm də çox mürəkkəb xarakterə malik insan idi. Heç də mülayim xasiyyəti yox idi. Bəziləri onu kobud, bəziləri isə mülayim insan kimi tanıyırdı. Ola bilər ki, bu müddət  ərzində  onun yoxluğunu  hələ tam anlamırıq. Elə bilirik ki, o, bizimlədir. Çalışıram ki, imkan daxilində hər gün anamgilə gedim. Hazırkı şəraitdə prosesləri izləyirəm və hiss edirəm ki, onun ruhu bizimlədir. Reallıq odur ki, insan ömrü daimi deyil. Xəyyam Mirzəzadənin isə əsərləri daimi qalacaq.

- Xəyyam Mirzəzadənin bəstələdiyi əsərlər bu gün üçün də aktualdır. Bir çox filmlərin musiqisini o yazıb. Övladı olaraq sizə ən yaxın bəstəsi hansıdır?

- Mənə daha yaxın bəstəsi Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi və Oqtay Ağayevin ifa etdiyi "Yadındamı, ötən günlər..." mahnısıdır. Bu mahnının 50-dən artıq yaşı var. Xalq onu bu gün də sevərək dinləyir. Bəzən hansısa restorana gedərkən bu mahnının səsləndiyini eşidirəm. Bu, mənim üçün ən böyük hədiyyədir. Təkcə mənim üçün yox, ailə üzvlərim üçün də belədir. Digər sevdiyim bəstə "Yeddi oğul istərəm" filmində səslənən musiqidir. Sözsüz ki, atamın daha maraqlı əsərləri, mahnıları, simfoniyaları var. Amma ruhuma daha yaxın bunlardır. "Yadındamı, ötən günlər..." mahnısı o vaxtlar da şlyager olub, indi də şlyagerdir. Bəziləri elə düşünə bilər ki, Pərvin Mirzəzadə atası kimi danışır. Elə deyil. İndi də yazılan gözəl bəstələr var. Sadəcə, əksər bəstələrin yaşama müddəti 3 ya da 5 ildir.

- Xəyyam Mirzəzadənin mürəkkəb xarakterə malik , hətta acıdil olduğunu onu yaxından tanıyanlar da etiraf edir.  Bu mürəkkəblik nədə idi? Ailəsi olaraq nələri qəbul etmişdiniz ki, Xəyyam müəllim buna kəskin reaksiya verə bilər?

- Baxmayaraq ki, atamız böyük bəstəkar olub, amma onun xüsusi qanunları vardı.  Bizimlə heç vaxt mülayim olmayıb. Mülayimlik odur ki, kiminsə nazını çəkirsən. Amma Xəyyam Mirzəzadə ailədə kimsənin nazını çəkməyib. Mən belə,  övladlarımın nazını çəkirəm. Amma atamda bunlar olmayıb. Onun qanunları da çox sərt idi. Desəydi ki, filan yerə getmək lazımdır, biz mütləq gedəcəkdik. Onunla heç vaxt mübahisə etməmişik. Ağa-ağ, qaraya-qara deyən insan olub. Onun yeməklə bağlı kaprizləri vardı. Dadlı yeməkləri sevirdi. Təxminən 10 il öncəyə kimi yeməkləri özü bişirirdi və bizi də dəvət edirdi. Onun bişirdiyi ən məşhur yemək piti idi. Yaxşı piti bişirməyi Şəkidə öyrənmişdi. Cız-bızı özü bişirirdi. Yaxud  da zəng edirdi ki, "balıq bişirmişəm, gəlin". 

Onun digər bir qanunu hamamla bağlı idi. Həftədə bir dəfə İçərişəhərdəki hamama getməli idi. Onun sonuncu dəfə hamama gedişi ölümündən təxminən 30 gün qabaq olub.

Atam İçərişəhərdən xüsusi zövq alırdı. Deyirdim ki, "ay papa, evdə hər şərait var. Nə var hamama gedirsən?". "Sizin çimməyiniz çimmək deyil. Əsl hamam mən getdiyimdir"-cavabını verirdi. Düz 75 il idi ki, həmin hamama gedirdi. Hamamdan, kisəçilərdən ləzzət alırdı. Təxminən 3 saat hamamda olurdu. Son dövrlərdə atama təsir edən məqamlar vardı. Dostlarının, tələbələrinin dünyadan köçməsinə çox üzülürdü. Onun ən yaxın dostu Kamran İmanovdur. Onunla tez-tez  görüşürdü.

- Xəyyam Mirzəzadənin heç bir vəzifəyə təyin olunmamasını da mürəkkəb xasiyyəti ilə əlaqələndiriblər. Hətta, iddia olunur ki, onu yuxarı dairələrdə sevməyiblər. Bu doğrudurmu?

- Ola bilər ki, sevməsinlər. Ətraflı nəsə deyə bilmərəm. Amma Xəyyam Mirzəzadə heç zaman iş adamı olmayıb. Açığı deyim ki, atam vəzifəpərəst deyildi. Azərbaycan Dövlət Konservatoriyasında kompozisiya kafedrasının müdiri olub. Öz ərizəsi ilə ordan ayrılıb. Zamanında müəyyən vəzifələrə təkliflər olsa da, içində vəzifəyə meyl olmayıb. O, vəzifə adamı deyildi. Hər zaman öz azadlığını qoruyub saxlayan insan idi.  1990-cı illərdə ölkədə vəziyyət çox ağır idi. Onu  Türkiyəyə dəvət etmişdilər. "Yaxşı əməkhaqqı alacaqsız, evlə təmin olunacaqsız" kimi təkliflər olmuşdu. Amma atam vətəni dar məqamda qoyub getməyi heç vaxt düşünmədi. Onun xüsusi vətən sevgisi vardı. Xəyyam müəllim Azərbaycanın müstəqillik qazanmasına, onu qoruyub saxlaya bildiyimizə çox sevinirdi. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə sənətə, incəsənətə yüksək qiymət verilməsindən həmişə razılıq edirdi. Bu işi daha sonra İlham Əliyev davam etdirdi. Atam prezident təqaüdçüsü idi. "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunmuşdu. Ona mənzil bağışlanmışdı. Atama dövlət tərəfindən göstərilən qayğı güman ki, ömrünü də xeyli uzatdı.

- 90-cı illərə toxundunuz. Hamı üçün çətin dövr idi. Dediyiniz kimi, çətin məqamda ölkəni tərk etmək barədə düşünməyib. Yaradıcılığında durğunluq məqamları olmuşdumu?

- 1990-cı illərdə baş verən hadisələr onun yaradıcılığına təsirsiz ötüşmədi. Demirəm ki, biz acından ölürdük. Sadəcə, bu hadisələr onun yaradıcılığında müəyyən fasilələr yox, problemlər yaradırdı. İşıqlar sönürdü, çörək növbəsi vardı. Vaxt olub ki, 10 əsər əvəzinə, 1 əsər yazırdı. Heç vaxt ruhdan düşmədi. Deyim ki, müstəqillikdən sonra gələn 15-18 il ərzində daha çox əsər yazmışdı. Atam Sovet dövründə teatrdan, kinodan gələn pullarla dolanırdı.  Köhnə Bakının görünüşünü əks etdirən açıqcaları toplamışdı. Bu açıqcalar inqilabdan öncə çap olunmuşdu. Təəssüflər olsun ki, 1990-cı illərdə atam həmin açıqcaları satmalı oldu. Həmin vaxt vəziyyət çox mürəkkəb idi. Açıqcaları satıb özünə maşın aldı. 1993-cü ilə qədər olan dövrdə çox itkilərimiz oldu. Bəzi qüvvələr hakimiyyətdə idi. Amma onlar heç nə edə bilmədilər.

- Xəyyam müəllim, 52 ildən sonra  Bəstəkarlar İttifaqının üzvü olmaqdan imtina edib. O, 52 il ərzində bir çox insanların sədrliyinə şahidlik edib. Qara Qarayev, Tofiq Quliyev və digərləri. Amma  Fizəngiz Əlizadə sədrliyə gələndən sonra getmək qərarını verdi. Nə baş vermişdi?

- Şəxsi məsələlərə qarışmaq fikrim yoxdur. İndiki sədrlə aralarında nə olubsa, şəxsi işləridir. Firəngiz xanımın şəxsiyyətinə toxunmaq fikrində deyiləm. Fikrimcə, Xəyyam müəllim müasir zamanda Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının mövcudluğunu gərəkli hesab etmirdi. Bu cür qurumların vaxtının keçdiyini deyirdi. Onun düşüncəsinə görə, həmin təşkilıatların mövcudluğu indiki dövrün tələblərinə cavab vermir.

- Xəyyam müəllimin çevrəsində kimlər olub?

- O, dahi bəstəkar olub. Gözümü açıb evimizdə Qara Qarayevi, İmran Qasımovu, Tokay Məmmədovu, Rəsul Rzanı və digərlərini görmüşəm. Evimizdə kimlərin olduğunu sadalasam, uzun siyahı alınar. Həm rəssamlarla, həm də heykəltəraşlarla dostluq edib. Fuad Salayev, Ömər Eldarov onun dostu idi. Yadımdadır ki, bir dəfə atam evə bir rəsm əsəri gətirdi. Nə olduğunu soruşanda "gözəl bir rəssam var. Adı Səttar Bəhlulzadədir. Bunu o, mənə bağışlayıb" dedi. Sonra gördüm ki, adi karandaşla çəkilmiş sadə şəkildir. Atam  heç vaxt şəkil almazdı. Şəkilləri ona dostları bağışlayardı.

- Qadınlarla arası necə idi? Mürəkkəb xarakteri qadınlarla yola getməsinə imkan verirdimi?

- Çox əla münasibəti vardı. Qadınları çox sevirdi. Onu da deyim ki, anam onu heç qısqanmırdı. Evimizə xanım bəstəkarlar, müğənnilər də gəlib. Flora Kərimovanı da, rəhmətlik İlhamə Quliyevanı da, Zeynəb Xanlarovanı da görmüşəm. Atam həmişə deyirdi ki, Zeynəb kimi Leyli yoxdur. Atam çox müğənnilərlə çalışmayıb. Son 30-40 ildə hansısa müğənni üçün mahnı yazmayıb.

Bir dəfə İlhamə xanımla qonşu masalarda əyləşmişdik. Mən içəri daxil olanda İlhamə xanımla da görüşdüm. Təbii, o, məni tanımadı. Ondan soruşdular ki, "tanıdız?..". İlhamə xanım da "xeyr" cavabını verdi. Xəyyam müəllimin oğlu olduğumu biləndə "o mənim ən çox sevdiyim bəstəkarlardan biridir. Papaya deyərsən ki, vaxtilə oxuduğum bəzi mahnılarını yeni aranjimanda oxumaq istəyirəm" söylədi. İlhamə xanımın sözlərini atama deyəndə eləcə gülümsündü. Bəlkə də, aralarında nəsə olub, amma mən bunu  deyə bilmərəm. İş ondadır ki, evimizdə bu cür söhbətlər olmayıb. Ailədə çox ciddi adam olub. Müəyyən yaşa qədər atamızın yanında içki içməmişik. Axşam saat 10-dək evə gəlməliydik, tələbi beləydi. O,  öz mövqeyini müdafiə edən, həqiqəti üzə deyən insan idi.

- Xəyyam Mirzəzadənin mürəkkəb xarakterə malik olması müxalifət tərəfindən hörmətlə qarşılanıb. Bir növ müxalifətdə olanlar onu  daha çox seviblər. Özünün reaksiyası necə idi?

- O, hamı ilə ünsiyyət saxlayırdı. Müxalifət nümayəndələrinin bəziləri ilə də salamı vardı. Həm də dediyiniz kimi, onu sevirdilər. Atam bir dəfə onlara demişdi ki, "siz nə istəyirsiz? Atın üzərində bir nəfər üçün yer var. Sizin üçün yer yoxdur. Bir dəfə hakimiyyətə gəldiz də...". Demirəm ki, Xəyyam Mirzəzadə tam olaraq hər şeydən razı idi. Amma öz sözünü həmişə deyirdi.


Xəbərə aid fotolar