Ən səmimi şükür təkrar verilən nemətə edilən şükürdür
Digərləri 04 Sen 2018 22:50:00 330 0
Siz Məni yad edin ki, Mən də sizi yad edim!
Mənə şükür edin, Məni inkar etməyin!
(Bəqərə, 152)
Son.az islam.az-a istinadən bildirir ki, Allah Quranda bəndələrinə təkidlə Ona şükür etməyi tövsiyə edir, onları mükafatlandırcağına dair vəd verir. İnanclılar da "Allahın nemətləri hesabsızdır, tükənməzdir" tezisinə beyət edərək bu göstərişə bacardıqları qədər əməl edir. Ümumiyyətlə isə "Allaha şükür" ifadəsini xalqımızın istər dindar, istərsə də qeyri-dindar nümayəndəsindən eşitmək mümkündür. Bu ifadə, bir növ, azərbaycanlıların Tanrıya bağlılıqlarının əyani təcəssümüdür. Bir sözlə, biz, bəndə və xalq olaraq Allaha şükür edirik. Amma bu şükürdə nə qədər səmimiyik, nə qədər fəalıq?..
Həqiqətən, qarşımıza Allahın nemətlərini saymaq məqsədi qoysaq, üzərimizə sonu olmayan bir yük götürmüş olarıq. Lakin insan təbiəti qəribə bir xüsusiyyətə malikdir: zaman ötdükcə çox şeyə vərdiş edir. Və artıq dünənə kimi nemət gözü ilə baxdığı, buna görə sidq ürəkdən şükür etdiyi bir neməti sıradan hadisə kimi qəbul edir. Məsələn, gözəl, səmimi üzvləri olan kollektivdə çalışan adam zaman ötdükcə bu nemətə alışır, unudur ki, bu nemət heç də bütün bəndələrə nazil olmayıb. Yaxud ətrafında saf, qayğıkeş, mərd dostları olan insan bu ab-havaya adət edir, unudur ki, Allah onu kifayət qədər murdar kampaniyalardan xilas edib, bəzən mömin dostları ilə onu bir çox günahlardan çəkindirib... "Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir" (Yunus, 60).
Neməti görməmək bir yana, bəzən insan Allahın nemətlərinə qarşı nankorluq etməyə başlayır. Bu isə çox təhlükəli bir davranışdır: "Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir" (İbrahim, 7).