Bakı Olimpiya Stadionunda bir sıra yeniliklər həyata keçirilib


Digərləri 04 Sen 2018 22:17:00 282 0

Bakı Olimpiya Stadionunda bir sıra yeniliklər həyata keçirilib

Bakı Olimpiya Stadionunda bir sıra yeniliklər həyata keçirilib.

Son.az Bakı Olimpiya Stadionunun saytına istinadla xəbər verir ki, yeniliklərə səbəb UEFA Millətlər Liqasının oyunlarının bu dəfə fərqli əməliyyat protokolları çərçivəsində - 2019-cu il UEFA Avropa Liqasının final oyununun qaydaları əsasında təşkil edilməsidir.

Yekun protokol qaydaları UEFA, AFFA, Yerli Əməliyyat Komitəsi və Bakı Olimpiya Stadionu tərəfindən nizamlanaraq təsdiqlənəcək və oyun təşkilatçılığının bütün sahələrində tətbiq ediləcək. Bundan sonra azarkeşlər və digər müştəri qrupları (KİV nümayəndələri, VIP qonaqlar, könüllülər) yeni quraşdırılmış turniketlər vasitəsilə stadiona daxil olacaqlar. Həmin avadanlığın əməliyyat sistemləri həm barkodları, həm də radio tezlik identifikasiyasılarını oxuya biləcək.

Turniketlərin məqsədi biletlərin yoxlanılmasını sürətləndirmək və azarkeşlərin bilet nöqtələrinə daha tez çatmasını təmin etməkdir. Yeniliklərdən biri də əlilliyi olan şəxslər üçün turniketlərin quraşdırılmasıdır. Ümumilikdə quraşdırılan 124 turniketin 110-u ümumi istifadə, 4-ü əlilliyi olan şəxslər üçün nəzərdə tutulub, 10 turniket isə VIP zonalardadır.

Bundan başqa, girişlərin yerləşməsi də dəyişdirilib. Belə ki, əvvəllər tamaşaçı girişləri qütblərə uyğun (Şimal, Cənub, Şərq və Qərb) adlanırdısa, indi isə bu yerləşmə rənglərə (qırmızı, göy, sarı, yaşıl) görə, qapı nömrələri isə 1-dən 22-ə qədər dəyişəcək. Bu yenilik qonaqların matç və digər tədbirlərdə stadiona yönəldilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır.


Xəbərə aid fotolar