Jurnalistlər sosial şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərini müzakirə edib


Digərləri 04 Sen 2018 18:14:00 225 0

Jurnalistlər sosial şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərini müzakirə edib

"İnformasiya, Təhlil və Planlaşdırma" İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  "Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında milli maraqların müdafiəsinin təşkili"  layihəsi çərçivəsində sentyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində  "Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri" mövzusunda Dəyirmi Masa təşkil edib.

Tədbirdə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Əliməmməd Nuriyev, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, nufuzlu saytların baş redaktorları, tanınmış jurnalistlər iştirak ediblər. 

Layihə rəhbəri Xaqani Səfəroğlu bildirib ki, layihənin məqsədi  internet informasiya resurslarında və sosial şəbəkələrdə milli maraqların müdafiəsi məqsədilə jurnalistlər, sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi və məlumatlığının artırılmasıdır.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxışında bildirib ki,  informasiya təhlükəsizliyi dünyada ən vacib məsələlərdən biridir: "İnternetin geniş yayılması ilə informasiya əldə etmək sahəsində ciddi dəyişiklər baş verib. Onlayn media və sosial şəbəkələr klassik KİV haqqında anlayışları dəyişdirib".  Onun sözlərinə görə, son illər Azərbaycanda onlayn media və sosial şəbəkələr istənilən sahədə ictimai rəyi yönləndirən əsas vasitəyə çevrlilib. Ona görə də burada yayılan istənilən maraqlı xəbər dərhal trendə dönür  və cəmiyyətdə qızğın müzakirələrə səbəb olur. Odur ki, internet mediada yayılan xəbərlərin həqiqiliyinə, doğruluğuna əmin olmaq çox vacib məsələdir. "Media ictimai maraqdan çıxış etməlidir. Burada medianın sosial məsuliyyəti anlayışı da var. Müasir media kifayət qədər şaxələnib və onun böyük bir hissəsini təşkil edən internet media ortaya çıxıb. Medianın bu hissəsində çox ciddi problemlər mövcuddur. İnternet mediası azad olsa da, burada yayılan informasiyalara görə də hüquqi məsuliyyət mövcuddur".

"Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki,  informasiya təhlükəsizliyi bu gün dünya dövlətlərinin önəm verdiyi ən prioritet məsələdir. Çünki bu gün sosial şəbəkələr insanların ictimai münasibətlərini tənzimləyən bir vasitəyə çevrilib. Çağdaş internet əsri informasiya azadlığı sahəsində ağlagəlməz sıçrayışlar etməklə yanaşı bu sahədə zəruri təhlükəsizlik qaydalarının qorunmasını da vacib edib. Ə.Nuriyevin sözlərinə görə, dünyada feyk xəbərlər həm də siyasi mübarizədə bir priyom kimi istifadə olunur.  Ə.Nuriyev qeyd edib ki, bu müzakirələrdə səslənəcək təkliflər qeyd olunan problemlərin həllinə töhfə verəcək.  O, bu təkliflərin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etməyi də tövsiyyə edib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud çıxışında bildirib ki, informasiya təhlükəsizliyi Azərbaycan dövləti üçün  prioritet məsələdir. Odur ki, QHT Şurası bu istiqamətdə olan maarifləndirici layihələrə dəstək verir. Onun sözlərinə görə, bu tip layihələr media və vətəndaş cəmiyyətinə  informasiyaya düzgün yanaşma tərzini aşılayır və kənar təzyiqləri neytrallaşdırmağa kömək edir.

Daha sonra layihə rəhbəri Xaqani Səfəroğlu "Feyk xəbərlər, informasiya təxribatlarına qarşı mümkün fəaliyyətlər" mövzusunda layihə çərçivəsində əldə olunan nəticələrə dair çıxış edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nda  informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin yüksəldilməsi qeyd olunub: "2010-cu ildə imzalanmış Azərbaycan Respublikasının Hərbi Doktrinasında isə əks tərəfin malik olduğu informasiya və radioelektron mübarizə sistemləri dövlətimizə qarşı mümkün hərbi fəaliyyət kimi xarakterizə edilib".

X. Səfəroğlunun sözlərinə görə, informasiya çatışmazlığı olanda insanlar istənilən xəbərə inanmağa meyilli olurlar. Məhz buna görə bir çox feyk xəbərlər hərbi əməliyyatlar, gərgin siyasi vəziyyətdə, terror aktları və fövqəladə hallar zamanı dərhal meydana çıxır.  "Çox zaman feyk xəbərlərin köməyi ilə öz nöqtəyi-nəzərini sizə təlqin etmək  bu vasitələrə əl atırlar. Dezinformasiya -təbliğatın ən sevimli alətidir".


Xəbərə aid fotolar