Sergey Markov: Xəzər Konvensiyası regionda layihələrin mənfəətliliyini artırır


Siyasət 04 Sen 2018 17:12:00 254 0

Sergey Markov: Xəzər Konvensiyası regionda layihələrin mənfəətliliyini artırır

Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması ilə əvvəllər mənfəətlilik həddində olan layihələr avtomatik olaraq mənfəətli layihələrə çevrilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda mətbuat konfransı zamanı rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Dövlət Dumasının deputatı, Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyib.

S.Markov bildirib ki, Xəzərin statusu ilə bağlı danışıqlar 20 il davam edib:

"İndi bütün ziddiyyətlər həll edilib. Xəzər Konvensiyasının imzalanması nəticəsində regionda müxtəlif iqtisadi layihələr üçün hüquqi əsas yaradılıb. Bu, milyardlarla, hətta onmilyardlarla mənfəət deməkdir".

Politoloqun sözlərinə görə, Konvensiyanın imzalanmasını Rusiyada, Azərbaycanda və Qazaxıstanda tarixi hadisə adlandırırlar:

"Çünki indiyədək suyun və dəniz dibinin necə bölünməsi barədə hüquqi əsas yox idi. İndi qeyri-müəyyənliklə bağlı risklər aradan qalxıb. Əvvəllər mənfəətlilik həddində olan layihələr avtomatik olaraq mənfəətli layihələrə çevrilib".

Rusiyalı politoloq vurğulayıb ki, Konvensiyanın nəhayət əldə olunmasına səbəb kimi ABŞ-ın İrana qarşı sanksiyaları da xidmət edib:

"Biz Xəzəri median xətt üzrə, İran isə 20 faiz pay üzrə bölməyi təklif edirdi. Əgər ABŞ-ın təhdidləri olmasa idi, İran bəlkə də 10 il danışıqlar aparacaqdı".

S.Markov həmçinin Xəzər Konvensiyası ilə bağlı daha bir aspektin vacibliyini vurğulayıb:

"Xəzər hövzəsində yalnız beş Xəzəryanı dövlət hərbi infrastruktur və qoşun saxlamaq hüququna malikdir. Bu saziş xarici hərbi qüvvələrin burada heç vaxt peyda olmayacağına əminlik yaradır".