Yerevanın Moskva ilə bazarlıq cəhdi - ŞƏRH


Digərləri 04 Sen 2018 13:37:22 181 0

Yerevanın Moskva ilə bazarlıq cəhdi - ŞƏRH

Rusiya isə onların qiymətini yaxşı bilir

Emənistanda çeviriliş nəticəsində hakimiyyətə gələn siyasi qüvvələr başlıca problemləri hələ həll etməyiblər.

Bunlardan biri növbədənkənar parlament seçkiləri, o biri isə Rusiya ilə münasibətlərin normallaşmasıdır. Bu məsələlərin həlli baş nazir Nikol Paşinyan və onun təmsil etdiyi siyasi qüvvələrin gələcəyini təmin edəcək.

Hər iki məsələyə qısaca olaraq, aydınlıq gətirməyə çalışacağıq.

Ötən həftənin sonunda Nikol Paşinyan bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin mayında, yaxud iyunun birinci ongünlüyünüdə keçirilməlidir. O qeyd edib ki, Ermənistan Konstitusiyasında baş nazir istefa vermədən parlamentin buraxlmasının mümkünlüyünə dair dəyişikliklər üzərində hazırlıq işləri görülür. Başqa sözlə, ölkənin ötən il qəbul edilən Əsas Qanununda yeni dəyişikliklərin ediləcəyi istisina edilmir.

Aprel hadisələrindən sonra seçkilərin bu ilin payızında keçiriləcəyi bildirilirdi.Ancaq Nikol Paşinyanın açıqladığı vaxt başqa mətləbləri ehtimal etməyə əsas verir.Belə görünür ki, baş nazirin başçılıq etdiyi siyasi blok seçkilərə hazır deyil. Daha dəqiq ifadə etsək, parlamentdə tam qələbə qazanacaqlarına əmin deyillər.Bunun başlıca səsbəblərindən biri isə fikirmizcə, rusiyayönlü siyasi qüvvələrin, onun təmsilçisi sayılan Respublikaçılar Partiyasının siyasi səhnədən çıxmamasıdır. Bu qüvvələrin əsas təmsilçiləri isə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyandır.

Kremlin təkidi ilə Robert Koçrayanın həbsdən buraxılması, Ruisya prezidenti Vladimir Putinin onu doğum günü münasibəti ilə təbrik etməsi Moskvanın kimi dəstəklədiyini təsdiqlədi. Koçaryan da həbsdən sonrakı ilk müsahibəsində siyasi mübarizəsini davam etdirəcəyinin bildirdi.

Onun Rusiyaya qaçdığı barədə son günlər məlumatlar yayılmışdı. Ancaq vəkili Aram Orbelyan bildirib ki, Robert Koçaryan Ermənistandadır və "müalicə olunmaq üçün" Almaniyaya gedəcək.

Aram Orbelyanın sözlərinə görə, Koçaryanın ölkədən çıxması məsələsində texniki problem var: “Robert Koçaryanın ölkəni tərk etməsi məsələsində şübhəli məqamlar var və onu araşdırırıq. İstintaq orqanı şifahi olaraq belə bir məhdudiyyətin olmadığını bildirir, ancaq bu məhdudiyyət qalmaqdadır”.

Ona qarşı cinayət işi dayandırılmadığından seçkilərdə iştirakına məhdudiyyətlər qoyula bilər.

Ermənistan ictimaiyyəti Robert Koçaryanı“öz xalqını qan içində boğan prezident” kimi dəyərləndirir.

Elə buna görə də Nikol Paşinyan hökuməti 2008-ci il martın 1-i hadisələrini daha çox qabaradır. Həmin gün prezident seçkisinin nəticələrinə etiraz olaraq minlərlə insanın iştirakı ilə aksiya keçirilib. Həmin aksiya polis və hərbçilərin müdaxiləsi nəticəsində dağıdılmış, 10 etirazçı ölmüş, 250-dən çox aksiyaçı isə yaralanmışdı. Həmin gün Serj Sarqsyanın seçkidə qalib gəldiyi elan edilmişdi.

Ermənistanda konstitusiya quruluşunun devirilməsi ittihamı əsasında keçmiş prezident Robert Koçaryan, keçmiş müdafiə naziri Mikael Arutyunyan və hadisələr zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qrargahının rəisi olmuş, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətdə olan baş katibi Yuri Xaçaturova qarşı cinayət işi başlayıb.

Rusiya Mikael Arutyunyanla Yuri Xaçaturova sığınacaq verib və onları bundan sonra Ermənistandakı indiki hökumətə çətin qaytara.

Odur ki, Nikol Paşinyan hökuməti bu məsələ ilə iki dovşanı birdən vurmağa çalışır. Onlardan biri rusiyayönlü keçmiş pezidentlər, o biri isə Moskvanın Ermənistandakı fəaliyyətidir.

Robert Koçaryanla bağlı cinayət işi başlandığından onun müəyyən qədər zərərsizləşdirildiyini düşünmək olar.

Rusiyanın Ermənistandakı ən iri fiquru isə Serj Sarqsyan sayılır. Hazırda ona qarşı cinayət işinin başladılması istiqamətində hüquqi baza hazırlanır.

Serj Sarqsyan bank və müəssisələrin səhmləri ilə bağlı fırıldaqda iştirakda şübhəli bilinir. "Kredit Yerevan" ASC və "Lev Marsed" MMC-nin səhmləri ilə fırıldaqçılıq üzrə cinayət işi çərçivəsində icra hakimiyyəti orqanlarının yüksək dövlət məmurlarının, o cümlədən Serj Sarqsyanın vəzifə səlahiyyətlərini aşdığı barədə faktiki dəlillər əldə olunub.

İstintaq zamanı əldə edilən məlumatlar Ermənistan Xüsusi İstintaq Xidmətinə ötürülməsi məqsədilə Baş Prokurorluğa göndərilib.

Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də baş vermiş hadisə çərçivəsində yeni cinayət işi açıb. Yüksək rütbəli polis əməkdaşları 2008-ci il fevralın 29-da Yerevanda “Azadlıq” meydanına toplaşanlardan silah və partlayıcı maddələrin olması haqqında məlumatı saxtalaşdırıblar: “Sənədi Ermənistan prezidenti Serj Sarqsyanın təsdiqlədiyi “Martın 1-i hadisələri ilə bağlı faktların toplanması qrupu” saxtalaşdırıb. Bununla da yüksək vəzifəli şəxslər qrup mənafeyindən çıxış edərək, polisin hərəkətinə bəraət qazandırmaq, qanunsuz fəaliyyəti ört-basdır etmək və məsuliyyətdən yaxa qurtarmaq üçün yalan məlumatlar təqdim edib. Martın 1-2-də baş vermiş hadisələrlə bağlı cinayət işinə “vəzifə səlahiyyətlərindən sui-istifadə etmək”, “vəzifə səlahiyyətlərini aşmaq” və “qəsdən xidməti sənədləri saxtalaşdırmaq” maddələri əlavə edilib”.

Deməli, seçkilərə hazır getmək üçün rusiyayönlü bu iki fiqur və onu dəstəkləyənlərin neytrallaşadırlması vacibdir. Əks halda əllərində böyük resursrlar olan bu qüvvələr revanş edəcək.

Nəzərə almaq lazımdır ki, Ermənistan hakimiyyətində həmin fiqurları dəstəkləyənlər hələ qalmaqdadır. Əslində, onlar Koçaryan və Sarqysandan çox Rusiyanın Ermənistanda fəaliyyətinə dəstək verirlər.

Rusiya hələ də Nikol Paşinşyan hökumətindən narazıdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun birinci kurs tələbələri qarşısında çıxşında deyib ki, Ermənistanda vəziyyət qaynayır.

Bir müddət əvvəl isə o, martın 1-i hadisələrinə və Ermənistanla ölkəsi arasındakı münasibətdən də bəhs edərkən bildirmişdi ki, Ermənistanın yeni rəhbərliyi siyasi sələflərindən imtina edir: “Moskva Yerevanı öz müttəfiqi sayır. Ona görə də Ermənistanda sabitliyin olmasında maraqlıdır”.

Xatırladaq ki, həmin vaxt Nikol Paşinyan cavab olaraq, Rusiyadakı həmkarlarını Ermənistandakı yeni şəraitə uyğunlaşmağa çağırmışdı.

Sergey Lavrov oxşar fikirləri tələbələr qarşısında çıxışında da təkrarlayaraq bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Mövcud münsaibətlərə aydınlıq gətirmək məqsədi ilə sentyabrın 8-də Rusiya prezidenti Vladimir Putin Moskvada Nikol Paşinyanı qəbul edəcək. Bu onların arasında üçüncü görüş olacaq. Bundan əvvəl onlar mayın 14-də Avroasiya İqtisadi İttifaqın zirvə toplantısında və iyunun 13-də futbol üzrə dünya çempionatının açılış mərasimində görüşüblər. Vladimir Putin bir neçə dəfə Nikol Paşinyanla telefonla da danışıb.Telefon danışıqlarının nəticəsi daha tez məlum oldu. Həmin danışıqlardan sonra Yuri Xaçaturova tətbiq edilən hərəkət məhdudiyyəti aradan götürüldü və Moskvaya öz vəzifəsinin icrası üçün getdi. Robert Koçaryan barəsində tətbiq edilən həbs qətiimkan tədbiri aradan götürüldü. Ancaq görüşlərin səmərəsiz, yaxud protokol xarakterli olduğunu ehtimal etmək olar.

Ermənistanın mövcudluğu, Rusiyanın marağı və başqa bu kimi məsələlər baxımından demək olar ki, Kreml Nikol Paşinyanı tənbeh etməyə, yaxud təlimatlandırmağa çağırır.

Ötən gün Rusiyanın Ermənistandakı səfiri Sergey Koprıkin Ermənistan parlamenti sədrinin müavini Mikael Melkumyanla görüşüb. Tərəflər "iki ölkə arasında əməkdaşlığın tənzimlənməsinə dair məsələləri" müzakirə ediblər.

Burada maraqlı məqamlardan biri də səfirin Ara Babloyanla deyil, onun müavini ilə görüşməsidir. Sədr keçmiş hakimiyyətin təmsilçisi olduğundan diplomat, daha doğrusu Rusiya hakimiyyəti onunla görüşə ehtiyac duymayıb. Ancaq Mikael Melkumyan keçmiş müxalifətin, “Tsarukyan” blokunun təmsilçisidir. Ona görə də iki ölkə arasında münasibətlərin tənzimlənməsi, Nikol Paşinyanın səfərqabağı məsələlərin müzakirəsini məhz sədr müavini ilə aparılıb.

Mikael Melkumyan Rusiya-Ermənistan "strateji tərəfdaşlığından", "müttəfiqlik" münasibətlərindən danışıb, Rusiyanın Azərbaycana silah satmasından səfirə gileylənib. Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini də müzakirə ediblər. Beləliklə, Ermənistanda baş verənlərdən belə nəticəyə gəlmək olar ki, yeni hökumətin gələcəyi, o cümlədən növbədəkənar parlament seçkilərinin nəticələri Kremldən asılıdır. İndiki hökumət də bunun anlayır. Sadəcə olaraq, onlar özlərini Moskvaya baha qiymətə satmaq istəyirlər. Rusiya isə onların qiymətini yaxşı bilir. Başqa sözlə, Nikol Paşinyan hökuməti və təmsil etdiyi siyasi qüvvə Kremllə bazarlıq etmək niyyətindədir.