Prezident İlham Əliyev: "Azərbaycanla Qırğızıstan arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır"


Siyasət 03 Sen 2018 16:27:00 275 0

Prezident İlham Əliyev: "Azərbaycanla Qırğızıstan arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır"

Sentyabrın 3-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, prezidentlər görüşdə çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi:

- Çox sağ olun, hörmətli cənab Prezident, dəvətə görə minnətdaram.

Mən qardaş Qırğızıstana, belə gözəl diyara səfər etməkdən çox şadam. Siz dediyiniz kimi, İssık-Kul Qırğızıstanın mirvarisidir. Düşünürəm ki, bu məkan bütün dünya üçün əhəmiyyətlidir. Bu, qırğızları və bu gözəl yerə gələnlərin hamısını sevindirən nadir təbii abidədir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin təşkili münasibətilə Sizi təbrik etmək istərdim. Əminəm ki, bu, bizim birliyimizi, əməkdaşlığımızı təsdiq edən, həmçinin ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün yaxşı imkan yaradan əhəmiyyətli tədbirdir. Biz Qırğızıstanla əməkdaşlığa mühüm əhəmiyyət veririk. Əməkdaşlığı bütün istiqamətlər üzrə - həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır. Əminəm ki, bizim bugünkü görüşümüz gələcəkdə də uğurla inkişaf edəcək münasibətlərimizə yeni təkan verəcək. Bir daha qonaqpərvərliyə görə sağ olun.