Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın yeni səhifəsi açılır


Siyasət 03 Sen 2018 13:35:00 243 0

Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın yeni səhifəsi açılır

Münasibətlərin bu səviyyəyə yüksəlməsində dövlət başçılarının xüsusi rolu var.

Bu günədək Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq xatarkteri daşıyırdı. İndi də elədir. Amma Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya sentyabrın 1-də gerçəkləşən rəsmi səfərindən və səfər çərçivəsində dövlətlər arasında xüsusilə bir sıra istiqamətləri, mühüm sahələri əhatə edən sənədlərin ikitərəfli imzalanmasından sonra bu münasibətləri daha da intensivləşdirir, yaxınlaşdırır. Demək olar ki, hazırda Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın yeni səhifəsi açılır, ona yeni nəfəs verilir.

Bu barədə Son.az-a açıqlamasında tanınmış politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfərinin nəticələrinin şərh edərkən bildirib.

Politoloqun fikrincə, bu, özlüyündə çox mühüm amildir: "Çünki, demək olar ki, bütün sahələrdə ikitərəfli münasibətlər inkişaf edib. İqtisadiyyat, ticarət dövriyyəsi, humanitar, xüsusilə hərbi-texniki sahələrdə bu əlaqələr ən yüksək səviyyədədir. Artıq sirr deyil və bunu dövlət başçımız da açıq şəkildə dedi ki, Azərbaycan Rusiyadan ən müasir hərbi-texnika və silahlar alır və bunu davam etdirmək niyyətindədir. Eyni zamanda, iki ölkə arasında turizm sahəsində də saziş imalanıb. Bu, çox mühüm sahədir. Sazişlərin imzalandığı sahələr üzrə, onsuz da, münasibətlərdə inkişaf vardı, lakin 16 adda sənədin imzalanmasından sonra həm münasibətlərin hüquqi bazası genişlənir, həm bir sıra məqamlara daha ciddi diqqət yetirilir. Bütün bunlar iki ölkə arasında münasibətləri daha sıx şəkildə inkişafa vadar edəcək".

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO - FOTO F.Sadıxov hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində də mühüm rol oynamalıdır: "Səfər zamanı iki ölkə prezidenti tərəfində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə olunub. Dövlət başçısı açıq şəkildə dedi ki, dünya tərəfindən Azərbaycan torpaqları kimi tanınan, lakin Ermənistan tərəfindən işğal edilmiş ərazilər qaytarılmalı, qaçqın və məcburi köçkünlər öz tarixi yurdlarına geri dönməlidir. Təbii ki, bu istiqamətdə Ruisyadan çox şey asılıdır və o, bu məsələlərdə həm ATƏT-in Minsk qrupunun həmsədri, həm şimal qonşumuz, həm də bizim stateji tərəfdaşımız olan dövlət kimi mühüm rol oynamalıdır. Şübhə etmirəm ki, Prezident İlham Əliyevin Soçi səfəri, orda imzalanan sənədlər, müzakirə edilən məsələlər və müəyyən razılıqlara gəlinməsi bizim münasibətlərimizi daha yüksəyə və stratejı tərəfdaşlıq münasibətlərinin yeni mərhələsinə qaldıracaq".

Professorun qənaətincə, iki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsində dövlət başçılarının xüsusi rolu var: "Əgər dövlət başçıları, rəsmilər arasında münasibətlər normal səviyyədə deyilsə, dövlətlər arasında münasibətlər inkişaf edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev və Ruisya Prezidenti Vladimir Putin arasında münasibətlər isə uzun illər ərzində bir-birinə yüksək səviyyədə qarşılıqlı hörmət əsasında, ümumən müsbət fonda inkişaf edir. Onlar bir-birini çox rahat anlaya bilirlər, bir sıra məsələlərdə mövqeləri üst-üstə düşür. Bundan başqa Azərbaycan Prezidentinin də nüfuzu Rusiyada kifayət qədər yüksəkdir. Onlar yaxşı başa düşür ki, dövlət başçımızın siyasi prioritetləri, xarici siyasət sahəsində atdığı addımları həm Azərbaycanın milli maraqlarına, həm də ikitərəfli münasibətlərdəki strateji maraqlara cavab verir. Bizə bölgədə sülh, stabillik lazımdır. Bu istiqamətdə hər iki dövlət başçısının münasibətləri böyük təkanverici və mühüm amildir".

İlkin İzzət Son.az