Cehiz aparan qızın atası borcda, cehizsiz qız isə qayınana hədəfində... Ailələri çökdürən SƏBƏB


Digərləri 03 Sen 2018 13:05:00 388 0

Cehiz aparan qızın atası borcda, cehizsiz qız isə qayınana hədəfində...  Ailələri çökdürən SƏBƏB

"Qız yükü, duz yükü" deyib atalarımız. Di gəl, atalarımız bu "yük"dən qurtulmaq ərəfəsində cehiz adlı bir yükün altına elə girirlər ki, qız öz qızını ərə vermək yaşına gələnədək, ata onun borcunu ödəməyə məcbur qalır.

Toy adətlərinə daxil olan cehizin tarixi orta əsrlərə qədər gedib çıxır. Nisbətən və ya çox varlı ailələrin qızları üçün cehiz 14-16 yaşlarından hazırlanırdı. Orta əsrlərdə isə cehiz qız doğulan kimi toplanmağa başlanırdı. Doğulan qız vəfat etsə, ona toplanan cehiz evin digər qızına ötürülürdü.

Cehizə əsasən yorğan-döşək dəstləri, yastıqlar, ədyal, pərdələr, müxtəlif qab-qacaq  dəstləri, bəzək əşyaları, qızıl, büllur, xalçalar və s. daxil edilirdi.

Vaxtilə kasıb ailələrdə cehiz anasından qızına miras olaraq ötürülürdü. Qız doğulduğu gündən başlayaraq, anası öz cehizindən qalmış əşyaları və çatmayanları yenidən alaraq əlavə edir, ayrıca bir sandığa yığırdı. El-oba qaydasına görə, ev əşyalarının çoxunu nişanlı qız özü hazırlayar, xalça, corab toxuyar, saatqabı, tənbəki kisəsi və s. tikərdi. Varlı ailələrdə isə cehizi tamamilə yenidən toplayardılar.

Tədarük işləri böyük nişantaxdı mərasimindən sonra toy günlərinə qədər davam etdirilirdi. Bu müddət ərzində həmin avadanlığın bir hissəsi qonum-qonşu qadınların köməyilə düzəlir, yun yuyulub daranır, yorğan-döşək tutulur, xalça-palaz toxunur və s. vacib işlər görülürdü.

El-oba qaydasınca, buraya köməyə gəlmiş hər subay qıza bir tikə yorğan-döşək parçasından və bir çəngə yun verib "başına gəlsin" deyilərmiş. Yaxın qohumların verdiyi və qonaqların özləri ilə qız toyuna gətirdikləri hədiyyələr ( bunlar qazan, tas, ləyən və s. olurdu ) də cehizə qatılardı. Qız evi kasıb olduqda, çox vaxt adaxlı oğlan özü bu əşyaları toplayıb toy gününə qədər qızgilə çatdırır və gəlinapardı mərasimində onu ər evinə daşıyardılar.

Gəlinin özü üçün sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə, qıyıq, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara ayağdaşı və s. hazırlanardı. Bunlardan başqa, bir "camaxatan sandığı", yun məmulatından bir-iki xalça-palaz, camədan-məfrəş, xurcun, saxsı qab-qacaqdan nehrə, küpə, kuzə, aşsüzən, ağac məmulatından yeddi taxta qaşıq, oxlov, çanaq, çömçə,çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, farş, qazan, gülabzən, mis aftafa-ləyən, hamam satılı, altı kabab şişi və s. metal əşyalar da olmalıydı.

El-oba adətinə görə, buradakı mis, yaxud saxsı su qablarını yeni mənzilə əsla boş aparmaq olmazdı, onlar hökmən su ilə doldurulmalı idi.  Qaydaya görə, qız gəlin köçürüldükdə, ayaqqabısından başqa, istədiyi bütün paltarlarını yeni mənzilinə apara bilər. Amma bəzi yerlərin inanclarına görə,  gəlinin cehizlə, bəzən isə elə qızın özüylə onun bir tay köhnə ayaqqabısı da ər evinə aparılarmış.

Cehiz əşyaları siyahıya alındıqdan sonra bədnəzərdən qorunmaqdan ötrü onları qırmızı qaytan və lentlərlə sarıyaraq cecim sandıqlarına yerləşdirərmişlər.

Ötən əsrlərdə varlı ailələrdən ərə verilən qızların ata-anası övladlarına mal-qara sürüsü, ev-imarət, zəmi və bağ-bağça kimi hədiyyələr qoşur, hökmdarlar isə gəlin köçürdükləri qızlarına, bir adət olaraq, geniş bir ərazi və ya bir neçə kənd bağışlayarmışlar.

Adətə görə qıza verilən bütün əşyalar onun şəxsi malı hesab edilir. Bəzən el içində həqarətlə deyilən "cehizindən xeyir görməyəsən", yaxud "cehizin qayıtsın" kimi bəd dualar hələ də yaşamaqdadır.

Bu gün dünyada ənənəvi cehiz hələ də mövcuddur, lakin indi böyük hissəsini pul - böyük məbləğlər, üstəgəl bahalı mebel dəstləri, xüsusilə mühüm şəxsi əmlak (avtomobil) və daşınmaz əmlak (ev, mənzil, villa və s.) tutur. 

Əvvələr qız evi bu əşyaları oğlan evindən aldığı başlığın hesabına əldə edirdi. İllər keçdikcə bu adətin forması da dəyişməyə başladı. Hazırda "başlıq" o qədər də riayət edilən ənənə deyil. Əvəzində  qız evi maddi durumu imkan verdi-vermədi cehiz ənənəsilə ayaqlaşmağa vadar olur. Müxtəlif mebellər-yumşaq, yataq, mətbəx, qonaq dəstləri, divan-kreslo, paltaryuyan maşın, qabyuyan maşın, soyuducu, televizor, kondisioner və s. hətta gənclərin yaşaması üçün ev alanlar da var.

Bəzən oğlan evi "mən istədiyin qızılları alıram, sən də filan əşyaları cehiz olaraq gətirməlisən" kimi mənasız şərtləri qız atasını borc bataqlığına, illərlə banklara kredit ödəməyə vadar edir.

Aparılmayan cehiz də eləcə gəlin köçən qız üçün tənə rolunu oynayır: "gətidiklərin bu deyil?!", "atan-anan sənə nə verib ki?!", "işlətdiklərinin hamısı mənim əşyalarımdır"...

"Qızın təhsili, isməti ən dəyərli cehizdir"