PA rəsmisi: "Azərbaycan kifayət qədər güclü dövlətdir və baş verən hər bir hadisənin qarşısını almağa qadirdir"


Digərləri 03 Sen 2018 12:41:00 244 0

PA rəsmisi: "Azərbaycan kifayət qədər güclü dövlətdir və baş verən hər bir hadisənin qarşısını almağa qadirdir"

Azərbaycanda radikalizmlə bağlı görüşlər keçirilirsə, dövlət orqanları tərəfindən narahatlıq bildirilirsə, bu, o demək deyil ki, dövlətin bu sahədə nə isə zəifliyi var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Pənah Cahangirov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini radikalizm" mövzusunda keçirilən konfrans zamanı deyib.

Onun sözlərinə görə, dini radikalizm bu günün problemi deyil, bəşər tarixi boyunca radikalizm olub: "Radikalizm qədim Roma və Yunanıstanda, çar Rusiyasında da olub. Cəmiyyət nə qədər olacaqsa, radikalizm də olacaq. Bu, dini radikalizm və digər formalarda ola bilər. Yaşadığımız 21-ci əsrdə dini radikalizm təhlükə törədir. Bu gün biz buna görə narahatıq. Əmin olun ki, 22-ci əsrdə də radikalizmin digər formaları olacaq, dövlət orqanları və cəmiyyət onunla mübarizəyə qoşulacaq".

Administrasiya rəsmisi qeyd edib ki, dövlətin gücü hər hansı bir xoşagəlməz hadisənin baş verib-verməməyi ilə ölçülmür. Dövlətin gücü ya həmin hadisələri qabaqlamaqda, ya da onun yarada bildiyi fəsadlardan qurtula bilməkdədir: "Hər kəs əmin olmalıdır ki, Azərbaycan kifayət qədər güclü dövlətdir və baş verən hər bir hadisənin qarşısını almağa qadirdir. Bunu Nardaran və Gəncə hadisələri də sübut etdi".