Manafın qəhrəmanlığı, Babəkdən təqdirəlayiq addım, Aygün Kazımovanın "çobanlığı"


Şou-biznes 03 Sen 2018 07:00:00 264 0

Manafın qəhrəmanlığı, Babəkdən təqdirəlayiq addım, Aygün Kazımovanın "çobanlığı"

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (187-ci say) təqdim edir.

Əziz dostlar, şərhlərdə yazırsınız ki, "Həftəbecər"in duzu, istiotu azalıb. Sizi anlayıram, nəyi nəzərdə tutduğunuzu da başa düşürəm. Amma siz də məni başa düşün. Məsələn, dünən bir sənətçinin "JEK" müdiri saxlayırdısa, bu gün haranınsa rəisi saxlayır. Yəni bunların statusu, titulu yekəldikcə, adamın yazmaq imkanları da azalır. Məncə, nə demək istədiyimi yaxşı anladınız. İndi isə keçək mövzulara. Öncədən deyim ki, ilk xəbər şərhimiz yetərincə əhatəlidir və bunun da səbəbi var.

Ötən həftənin ən çox müzakirə olunan sənətçisi heç şübhəsiz ki, Manaf Ağayev idi. Söhbətin Mətanət Əsədova ilə bağlı hissəsindən xəbərdarsınız deyə, əlavə şərhə ehtiyac görmürəm. Amma dünyanın üç ən güclü şahmatçısından biri olan Şəhriyar Məmmədyarova dəstək verməyə hazır olduğunu deməsinin ardınca səslənən fikirlər, yazılan şərhlərə görə doğrudan da çox təəssüfləndim. Bilirsiniz niyə? Azca əvvələ qayıdaq, hər şeyi izah edəcəyəm. Şəhriyar Məmmədyarov ona sponsor tapılmadığını deyəndə, şəxsən özüm Manaf Ağayevə zəng vurdum ki, əslən Zəngilandan olan dünyaca məşhur şahmatçımızın dəstəyə ehtiyacı var. O da bildirdi ki, əlbəttə, təkcə Şəhriyara deyil, gücüm çatan qədər hər kəsə kömək etməyə hazıram və etmişəm də. Mən də bunu Ağayevin dediyi formada yazdım. Sonradan səhifələrdə, saytlarda, statuslarda, şərhlərdə həmin fikrin təhrif olunmuş formaları qarşıma çıxdı. Bax onda təəssüfləndim. Axı bu adam pis olan nəsə demir. Deyir ki, dəstək olmağa hazıram. Adam cəmi bir həftə əvvəl bir məşhur idmançının, müharibə veteranının da həyatını xilas edib, onu son anda intihar etmək fikrindən daşındırıb. Bunun nəyi pisdir ki? Bəli, kimlərsə bu fikirlərə görə məni qınayacaq. Amma sizi əmin edirəm ki, efirə mələk siması ilə çıxan bir sıra xalq artistləri var ki, yüz min cür hoqqalardan çıxırlar. Sadəcə, necə deyərlər "yorğanları" qalındır deyə, söhbətin iyi üstə çıxmır. Elə adamlar göstərərəm ki, siz onlara kişilik rəmzi kimi baxırsınız, amma həmin adamlar heç də Samiraldodan üstün deyillər. Ona görə də kimisə tənqid edəndə, əvvəlcə etdiyi əməllərə baxmaq lazımdır. Sonda vicdanım və oxucularım qarşısında bir cümləylə yarana biləcək şübhələrə son qoymaq istəyirəm. Manaf Ağayevlə qohumluq əlaqəmiz yoxdur, mətbuat katibi deyiləm, heç bir maddi-mənəvi asılılığım da yoxdur. El dili ilə desək, Manaf Ağayevin bir içim suyunu da içməmişəm. Məncə, hər şey aydın oldu.