"Tatyananın arxasında Britaniya xüsusi xidmətləri durur"


Dünya 02 Sen 2018 22:29:00 267 0

"Tatyananın arxasında Britaniya xüsusi xidmətləri durur"

:

Azərbaycan əsilli biznesmen Fərhad Əhmədov Dubayın şəriət məhkəməsinin ona məxsus 115 metrlik "Luna" superyaxtasının keçmiş arvadının xeyrinə müsadirə olunmasına dair London məhkəməsinin qərarını müdafiə edən hökmündən apellyasiya verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, biznesmenin nümayəndəsi yaxtanın F.Əhmədovun keçmiş arvadı Tatyana Əhmədovanın mülkiyyətinə keçəcəyi barədə vəkillərin dediklərini "tərtəmiz fantaziya" adlandırıb.

Xatırladaq ki, F.Əhmədovun hələ uzaq 2000-ci ildə Rusiyada bu ölkənin qanunları əsasında boşandığı keçmiş arvadının iddiası əsasında London məhkəməsinin 2016-ci ildə çıxardığı hökm neçə vaxtdır beynəlxalq qalmaqala çevrilib. Biznesmen bu hökmü qanunsuz saymışdı və tanımadığını elan etmişdi, bildirmişdi ki, həmin hökm əsasında keçmiş arvadına bir sent də ödəmək fikrində deyil. Çünki bu boşanma əslində 2000-ci ildə baş tutub, məhkəmənin hökmü ilə bölünməli olan sərvət isə boşanmadan sonra qazanılıb.

Lakin bu dəfə London məhkəməsi azərbaycanlı biznesmenin aktivlərinin ovuna çıxıb və dəyəri 550 milyon dollar olan "Luna" yaxtasına həbs qoyulması barədə qərar verib. Həmin qərar əsasında bu ilin fevralında Dubayın ingilis yuridikasiyası əsasında fəaliyyət göstərən beynəlxalq maliyyə mübahisələri məhkəməsi DİFC texniki baxış üçün "Port Rashed" limanına yan alan yaxtaya həbs qoyub. Həmin vaxtdan biznesmenin yaxtanı həbsdən çıxarmaq üçün hüquqi mübarizəsi davam edir.

Bu ilin iyul ayında Dubayın yüksək məhkəmə instansiyası-Birləşmiş Məhkəmə Komissiyası qərar vermişdi ki, London məhkəməsinin qərarı əsasında DİCF məhkəməsinin yaxtaya həbs qoyması bu instansiyanın səlahiyyətində deyil və işə şəriət məhkəməsi baxmalıdır. Çünki məsələ kommersiya mübahisəsi deyil, mülkidir, yəni boşanma məsələsidir. Qərarın ardınca yaxta ekipajının müsadirə edilmiş pasportları qaytarılmışdı və gəmiyə limandan lövbərləri geri çəkib sınaq manevrləri etməyə icazə verilmişdi.

Həmin qərar Tatyananın ciddi uğursuzluğu idi, çünki şəriət məhkəməsinin ərinə xəyanət edən arvadın tərəfini saxlaması real deyildi. Hansı ki, onun ərinə xəyanəti London məhkəməsinin sənədlərində də əksini tapıb. Lakin Tatyananın vəkilləri Dubay Şəriət Məhkəməsinin birinci instansiyasında London məhkəməsinin qərarının təsdiqlənməsinə nail olublar və bunu "qələbə" kimi şərh ediblər.

"The Daily Mail" qəzetinin yazdığına görə rusiyalı oliqarx əvvəlki kimi əmindir ki, o Dubayda həbs qoyulmuş yaxta uğrunda hüquqi mübarizəni udacaq. Cənab Əhmədovun vəkilləri deyiblər ki, Tatyana Əhmədovanın yaxtanın sahibinə çevriləcəyi barədə deyilənlər "tamamilə fantaziyadır" və növbəti məhkəmə instansiyası bütün faktları nəzərdən keçirəndən sonra yaxtanı sahibinə qaytaracaq.

"İddia edirlər ki, "Luna" yaxın vaxtlarda Tatyananın vəkillərinin əlinə keçəcək və məhkəmənin həmin müvəqqəti qərarı əsasında satılacaq. Bu tərtəmiz fantaziyadır. Dubayda bütün qanuni proseslərin tükənməsi uzun illər tələb olunur"-Fərhad Əhmədovun nümayəndəsi bildirib.

Biznesmenin nümayəndəsi əlavə edib ki, ötən həftə sonu Dubayın Şəriət Məhkəməsi cəmi bir hakimin iştirakı ilə işə baxıb və hüquqi arqumentləri detalları ilə nəzərdən keçirməyib. Bu detallar yuxarı instansiya məhkəməsində nəzərdən keçiriləcək.


Xəbərə aid fotolar