"AzərbaycanRusiya dostluq və əməkdaşlıq modeli regional sülh üçün daha möhkəm təminat qüvvəsinə çevrilir"


Siyasət 02 Sen 2018 14:53:00 246 0

"AzərbaycanRusiya dostluq və əməkdaşlıq modeli regional sülh üçün daha möhkəm təminat qüvvəsinə çevrilir"

Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq modeli regional sülh üçün daha möhkəm təminat qüvvəsinə çevrilir.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya növbəti səfəri, həmin səfər çərçivəsində imzalanmış müxtəlif sənədlər iki ölkənin əməkdaşlığını tam kompleks halına salmaq və zənginləşdirmək baxımından diqqət çəkir:

"Ölkələrimizin strateji tərəfdaşlığı indiyə qədər də zəngin idi və regionumuzda ikitərəfli strateji tərəfdaşlıq kontekstində nümunəvi idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə rusiyalı həmkarı Vladimir Putinlə növbəti çoxsaylı razılaşmaları bundan sonra daha çoxşaxəli əməkdaşlıq yollarından danışmağa əsas verəcək".

Ekspert qeyd edib ki, imzalanmış yeni sazişlər iqtisadi, sosial, investisiya, ticarət, nəqliyyat, infrastruktur, bank, maşınqayırma və digər sektorları əhatə etməklə çox böyük perspektiv fəaliyyətdən xəbər verir:

"Təkcə həmin sənədlərin adını sadalamaq yetər ki, iki ölkəni hansı birgə nəhəng işin gözlədiyini görə bilək. Bu sazişlərin icrası Azərbaycan-Rusiya əməkdaşlığını MDB-də analoqu olmayan, hətta bəzi hallarda strateji müttəfiqlərin münasibətlərini də üstələyən səviyyəyə çıxaracaq. Həqiqətən bir neçə onillik üçün səmərəli əməkdaşlıq xəritəsi çəkildi. Əldə olunan razılaşmalar bir nöqteyi-nəzərdən də əlamətdardır. Belə ki, Azərbaycan və Rusiya dövlət başçıları arasında münasibətlərin yeni yüksələn səviyyəsi MDB məkanında şəxsi münasibətlər modelinin hər cür problemin fövqündə dayandığını nümayiş etdirmək baxımından daha bir nümunə olacaq".

Baş redaktor əlavə edib ki, Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq modeli regional sülh üçün daha möhkəm təminat qüvvəsinə çevrilir: "İndi Azərbaycan-Rusiya tandemi daha möhkəm əsaslarla Qafqazda və bütün MDB məkanında əsas təhlükəsizlik vektorlarından birinə çevrilir".

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 15 sənəd imzalanıb.