Azərbaycanın mebel mağazasında muzey yaradılıb FOTO


Digərləri 01 Sen 2018 22:26:00 334 0

Azərbaycanın mebel mağazasında muzey yaradılıb  FOTO

Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin maraqlı hobbisi var. O, 20 ilə yaxındır yaşadığı ərazi və ətraf bölgələrdən tapılan, yaxın və uzaq keçmişimizi özündə əks etdirən eksponatları toplayaraq şəxsi muzeyini yaradıb. Böyük mebel mağazasının bir guşəsində sərgilənən eksponatların içərisində bölgənin qədim tarixini, orta əsrləri və sovet dönəmini əks etdirən 2 mindən çox eksponat, cəmi bir dəfə çap olunmuş müxtəlif kitablar yer alıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hobbisi haqda danışan Mübariz Mehralıyev hər bir vətəndaşın öz soykökünü qorumağa, onu təbliğ etməyə və gələcəyə çatdırmağa borclu olduğunu söyləyib: "Yaşadığımiz dövr elə bir mərhələyə düşüb ki, qloballaşma, inteqrasiya, kosmopolitanlıq şüarları il milli mənsubiyyət itmək, yox olmaq təhlükəsiylə üz-üzə qalıb. Bu baş verməsin deyə, hər bir vətəndaşımız bacardığı qədər soykökümüzü qorumalıdır, millətə, xalqa xidmət etməlidir".

"Çox vaxt çöldə, bayırda gəzərkən rastımıza çıxan, ayağımıza dolaşan bir gil parçasının, küp qırığının, yararsız görünən dəmir əşyanın yanından laqeydcəsinə ötürük. Amma düşünməliyik ki, ilk baxışdan dəyərsiz görünən adi əşya parçası bir xalqın silinmiş tarixini yenidən bərpa edə bilər. Tarixin hansısa qaranlıq guşəsinə işıq sala bilər. Ona görə də, daxildən gələn bir istəklə qərara aldım ki, işlədiyim yerin bir hissəsində tariximizi, soykökümüzü, keçmişimizi özündə yaşadan bir guşə yaradım" - deyə həmsöhbətimiz əlavə edib.

Mehralıyevin arxivində hazırda 2 mindən artıq eksponat yer alır. Onların arasında qədim daş, tunc dövrlərinə aid əmək alətləri, qədim türk tayfalarına aid silahlar - xəncər və ox başlıqları var. Həmçinin müxtəlif dövlətlərə və dövrlərə məxsus kağız və metal pullar, əkinçilik alətləri, saxsı qablar, küplər, müxtəlif dövrləri və mövzuları əhatə edən kitablar və başqa qiymətli əşyalar yer alıb.

Həvəskar tarixçi yaratdığı muzeyin, orda toplanan eksponatların qədimliyinə görə Milli Azərbaycan Tarix Muzeyindən sonra ikinci sırada olması qənaətindədir.

Muzeyin sahibi ilk vaxtlar eksponatları çox çətinliklə əldə etdiyini, hazırda isə kənd sakinlərinin və dostlarının ona yaxından kömək etdiyini qeyd edib: "Əvvəllər çətinliklə əldə edə bilirdim. Amma sonradan yaxınlar, dostlar həvəsimi görüb, işimi dəyərləndirib, kömək etməyə başladılar. İndi demək olar ki, bütün kənd camaatı tətikdədir. Haradasa bir şey tapılan kimi xəbər edirlər, bəzən özləri gətirib verirlər. Əksəriyyətinə pul verib alıram. Elə eksponatlar olub ki, 200-250 manat vəsait xərcləyərək əldə etmişəm".


Xəbərə aid fotolar