Ofisdə çalışanlar oynaq xəstəlikləri və piylənmə ilə daha çox üzləşirlər


Digərləri 01 Sen 2018 20:51:00 264 0

Ofisdə çalışanlar oynaq xəstəlikləri və piylənmə ilə daha çox üzləşirlər

Oturaq iş, stress və qeyri-müntəzəm qidalanma orqanizmdə müəyyən narahatlıqlara səbəb olur. Həmin vəziyyətlə qarşılaşanların çoxu günün əsas hissəsini qapalı məkanlarda çalışanlardır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, statistikaya görə, ofis işçiləri həftənin 45-70 saatını oturaq vəziyyətdə keçirirlər. Həmin rejimə alışdıqları üçün ilk vaxtlar onların orqanizmində heç bir narahatlıq hiss edilmir. Lakin zaman keçdikcə iş rejimi, qapalı mühit, oksigenin kifayət qədər olmaması və hərəkətsizlik öz fəsadlarını göstərir.

Ofis işçilərinin ən çox üzləşdikləri narahatlıqlar sırasında oynaq xəstəlikləri üstünlük təşkil edir. Uzun müddət oturaq həyat keçirənlərdə ayaq əzələləri zəifləyir və müəyyən fəsadlara zəmin yaranır. Ofis şəraitində hava-damcı infeksiyalarına tez yoluxmaq da mümkündür. Çünki iş şəraitində müxtəlif bakteriyaların çoxalması üçün münbit şərait mövcuddur. Mütəxəssislərin dediyinə görə, qapalı məkan şəraitində işləyənlər əlləri, o cümlədən də tez-tez toxunulan əşyaları nəm salfetlərlə təmizləməli və dezinfeksiya etməlidirlər.