Azərbaycan Prezidenti: "Rusiya ilə bütövlükdə ticari-iqtisadi sahədə əmtəə dövriyyəsinin artmasını gözləyirik"


İqtisadiyyat 01 Sen 2018 19:26:14 409 0

Azərbaycan Prezidenti: "Rusiya ilə bütövlükdə ticari-iqtisadi sahədə əmtəə dövriyyəsinin artmasını gözləyirik"

"Rusiya qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir"

"Biz iqtisadi məsələlər üzərində ətraflı dayandıq və əmtəə dövriyyəsinin artdığını, gələcək üçün böyük perspektivləri məmnuniyyətlə qeyd etdik. Bu gün müzakirə edilmiş və razılaşdırılmış məsələlər, dəqiq desək, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Keçən il əmtəə dövriyyəsinin güclü artımına baxmayaraq, artım bu il də davam edir".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçiyə səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi mətbuat konfransında deyib.

"Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Yəni, bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir. Vladimir Vladimiroviç dediyi kimi, çoxlu investisiya layihələri həyata keçirilir və onların yaxşı perspektivi vardır. Bütövlükdə ticari-iqtisadi sahədə əmtəə dövriyyəsinin artmasını, inteqrasiya əlaqələrinin möhkəmlənməsini və şirkətlərimiz arasında əməkdaşlıq üçün daha yaxşı şərait yaradılmasını gözləyirik. Əlbəttə, bu işdə nəqliyyat layihələri çox mühüm rol oynayır", - deyə İlham Əliyev əlavə edib.